Sizin üçün maraqlı yerli bloqlardan ibarət siyahı hazırlamışıq. Bu bloq-səhifələrin müəllifləri şəhərimizin fotoqrafları, memarları və tədqiqatçılarıdır. Onların Bakıya və ölkəmizə olan xüsusi münasibəti və özünəməxsus baxışı nəticəsində yaratdıqları bloq-səhifələri nəinki turistlər üçün, həm də yerli əhali üçün çox maraqlıdır. Bu məqalənin qəhrəmanlarının əsas məqsədi mədəni irsimizi düzgün təbliğ etmək və gələcək nəsillərə ötürməkdir. Mütləq onların səhifələrini izləyin!
CELLAR DOOR
Alla Qaraqaşlı – istedadlı şəhər tədqiqatçısıdır. Onun üçün şəhərə sevgi – incəliklərə diqqət yetirmək, hekayələri dinləmək və tanıdığı yerlərdə yeni detallar görmək bacarığıdır. Allanın sözlərinə əsasən, onun marağının səbəbi, Bakı məhəllələrinə baş çəkərək başladı və böyüyərək bu məhəllərdən tutmuş neft bumu dövründən qalan malikanələrə kimi xüsusi marşrutlar təyin edib, ekskursiyalar keçirməyə çevrildi. İnstaqram səhifəsində müəllif Bakıdan paylaşımlar edir, Telegram kanalında isə həftəsonları gediləcək maraqlı yerlər, tanış olacaq maraqlı insanlar haqqında məlumat verir.
GENII'S URBAN BLOG
Bu bloqun sahibi Qani Nasirov – intellektual və çox istedadlı gəncdir. O, Bakıda maraqlı ekskursiyalar təşkil edir, milli memarlığın incəliklərin öyrənir və şəhər əfsanələrinin bir çoxunu bilir. Qani ilə milli mətbəximizin incilərinin hazırlanma qaydalarını öyrənməklə yanaşı, şərab dequstasiyalarına da qatıla bilərsiniz. Bundan əlavə, Qani, səyahət haqqında fərqli jurnallarda dərc olunur və elmi-tədqiqatla məşqul olur. Bizim redaksiya da onun yaradıcılığına biganə qalmayaraq onun səhifəsini yaxından izləyir. Ən maraqlı paylaşımlarından bəzilərini sizinlə də bölüşürük!
SAVE BAKU
Memarlar ittifaqının üzvü Elçin Əliyev 70-dən çox memarlıq və dizayn üzrə layihələrin, 20 kitab və 140 elmi məqalənin müəllifidir. Bununla belə, Elçin həm də möhtəşəm “Save Baku” səhifəsinin sahibidir. Burada o, şəhər landşaftının inkişafı haqqında öz ideyalarını bölüşür və hər kəsi qədim memarlıq abidələrinə qayğı ilə yanaşmağa çağırır.
İnstaqram
HIDDEN BAKU
Yeni nəslin urbanizm məsələlərinə marağı gündən günə artır. Bu tendensiyaya Azərbaycanda da rast gəlmək olar. “Hidden Baku” səhifəsi paytaxtımız haqqında maraqlı faktları özünəməxsus şəkildə paylaşır. Əminik ki, səhifədə göstərilən maraqlı yerləri görən kimi, siz də gedib baxmaq istəyəcəksiniz. Burada həm sovet dövründən qalmış konstruktivizm, həm neft bumu dövrünün möhtəşəm malikanələri və daha nələr-nələr tapa bilərsiniz. Bloqun müəllifi isə memar Aytac Əkbərlidir.
SAVE ŞƏKI
UNESCO-nun Ümumdünya İrs siyahısında olan Şəki şəhəri Böyük İpək yolunun keçdiyi, zəngin tarixə malik ticarət və sənətkarlıq mərkəzlərindən biridir. 2500 illik tarixi ərzində şəhər, burada inşa edilən memarlıq xəzinələri ilə daha da gözəlləşib. Xəzinələrdən biri – Şəki xan sarayı və onun şəbəkəsidir. Bloqun müəllifi Emil Abdullayev izləyicilərini buranın qeyri-adi gözəllikləri ilə tanış edir.
HIDDEN GANJA
Adı kimi görünüşə də bir neçə dəfə dəyişilən Azərbaycanın ikinci ən böyük şəhəri – Gəncə. Fərqli səbəblərdən Gəncə vaxtikən Elizavetpolda adlanıb, Kirovobadda. Şəhər 1991-ci ildən yenidən öz adına qovuşub. Bloqun müəllifi İlkin Məmmədzadə Gəncənin möhtəşəm memarlıq abidələri ilə sizi tanış etməyə davam edir.
АRCHI HUNTER
Quliyev Rüfət şəhərimizi dərindən tanıyır, çünki o, abadlaşdırılma işi ilə məşğuldur. Professional terminlərdən çəkinmədən istifadə edən müəllif, restavrasiya imkanları çərçivəsindən şəhərimizin qarşılaşdığı problemləri müzakirə edir. O, həm də tədqiqat işləri ilə də məşqul olur. Rüfətin səhifəsində siz hətta detektiv üslubda yazılan reportajlarda tapa bilərsiniz. Müəlliflə birgə izləyicilər binaların sirlərini açmağa çalışır və köhnə memarlıq abidələrini nostalji hissi ilə yada salır.
LEYLA MUSAYEVA / IRSIMIZ
Musayeva Leyla – fotoqraf, illüstrator və tətbiqi sənətkarlıq tədqiqatçısıdır. İnstaqram səhifəsində o, Azərbaycanda etdiyi səyahətlər haqqında paylaşımlar edir. Leylanın ətrafdakılara olan özünəməxsus baxışı səhifəyə rəng qatır. Səhifədəki şəkillərə baxaraq kənd ab-havasını hiss edə bilərsiniz. Leylanın ölkəmizin ənənəvi sənətkarlığının öyrənilməsi və qorunub saxlanılmasına həsr olunmuş daha bir layihəsinə də diqqət yetirə bilərsiniz.