Murad İbrahimov şəhərdə böyüsə də, 30 yaşı tamam olanda başa düşdü ki, kənd həyatı onun ruhuna daha yaxındır. O, ailəsi və dostları ilə 5 il əvvəl Lənkəran meşələrində ev tikməyə başladı. Bu müsahibədə Murad, şəhər həyatı ilə kənd həyatının özəlliklərini, buradakı qonşularının ona öyrətdiklərini və öz maraqlı həyat hekayəsini Təzə Bazar oxucuları ilə bölüşdü.
Hazırda sən kənddə yaşayırsan, amma bir müddət əvvəl şəhər sakini idin. Bu necə baş verdi?
Mən şəhərdə anadan olmuşam, burada böyümüşəm və təhsil almışam. Lakin bütün yay tətillərini nənəm və babamla kənddə keçirirdim. Tətil bitəndə isə ağlayaraq evə qayıdırdım, buradakı günlərim daha şən və maraqlı keçirdi – şəhərə istəmirdim.
Amma 16-18 yaşlarında kənd həyatı elə də maraqlı olmur, bütün dostlarım, həyatım, futbol – hamısı şəhərdə idi. Bura gəldikdə də tək qalırdım. Üstəlik cəmiyyət tərəfindən şəhərdə həyat qurmağa doğru proqramlaşdırılma da var. Bu səbəblərdən o dövrdə kənd həyatını hiss edə bilmirdim.
Bir dönəm sən hətta Amerikada yaşayıb təhsil almısan, düzdür?
Azərbaycanda da, Amerikada da təhsil almışam. Orada bir ilə yaxın yaşamışam. İkinci semestrdə anladım ki, mən bura təhsil almağa yox, Bakıdan qaçmaq üçün gəlmişəm. Amma heç bir il keçməmiş başa düşdüm ki, burada da yaşamaq istəmirəm.
Harada və nə üzrə təhsil alırdın?
Menecment və marketinq üzrə Harvardda, Bostonda təhsil alırdım.
Bostonu bəyənmədin?
Boston möhtəşəm şəhərdi, bəzən darıxıram ora üçün. Məsələ bəyənib bəyənməməkdə deyil idi. Sadəcə anladım ki, ətraf nə qədər böyük və geniş olarsa, mən bir o qədər orada itirəm. Mən Bakıda böyümüşəm, bizim şəhər isə kifayət qədər balacadır. Və birdən Boston kimi nəhəng şəhərə gəldim. Dauntaunda gəzib heyrətlə insanları və binaları izləyirdim. Öz özümə düşünürdüm ki, məni burada saxlayan nədir? Niyə burdayam? Buradakı insanlarla ortaq nəyim var? Heç nə, tamamilə heç nə.
Bəlkədə, mən Amerikaya 18-20 yaşlarımda gəlsə idim belə olmazdı. Amma mən bura 27 yaşımda gəlmişdim, və bu yaşda artıq ətraf mühitim, dostlarım, məşğuliyyətlərim formalaşmışdı və bu səbəblərdən anladım ki, bura mənlik deyil.
Mən ölkədə olmadığım müddətdə, dostlarım meşədə balaca bir ev tikmişdilər. Azərbaycana qayıdanda ora getdim (Bakıda da çox qala bilməyəcəyimi bilirdim). Bu evə aşiq oldum. Buranı bir dəfə görməklə necə yaşamaq istədiyimi anladım.
Anladım ki, vətəndə yaşayacağamsa bu mütləq meşədə olmalıdır.
Sonra isə, indi yaşadığım evi tikməyə başladıq. Burada biz 5 nəfərdən ibarət kiçik qrup şəklində yaşayırıq. Bütün işlərimizi özümüz görürük – atlara baxırıq, meşəyə odun yığmağa gedirik, bağda işləyirik, yemək bişiririk və dincəlirik.
Belə həyat tərzi necə formalaşdı? Hər şeyi planlaşdırmışdınız yoxsa təsadüfən alındı?
Planlar bizim xəyallardan ibarət idi. Nəyisə həqiqətən də istəyirsənsə, sənə bunu reallaşdırmaq üçün bir şans verildiyinə inanıram. Bəzi şeylər təsadüf nəticəsi idi, bəziləri isə plan əsasında alınırdı. Burada ilk dəfə at çaparkən, bir tərəfdən çox xoşuma gəldi, bir tərəfdən isə bunun zəruri olduğunu da anladım. Sonra bura dostum köçdü. O da eynilə, ilk dəfə at çaparkən, dedi ki, mütləq at almalıdır. Üçüncü dostumuzla da belə oldu. Və beləliklə, bu gün üç atımız var. Plan əsasında alınan bizim burada salınan bağımızdır. Sonra kiçik bir emalatxana tikdik, burada mebel düzəltməklə yanaşı, həm də turşuları və balqabaqları saxlayırıq.
Sizi natural təsərrüfat dolandırır?
Tamamilə natural təsərrüfata keçmək bizim xəyallarımızdan biridir. Mənim üçün yeməyimin yetişməsini və hazırlanmasını görmək önəmlidir. Məsələn, aldığımız kərə yağı üzərində elə yazılsa da, ora nə qatıldığını bilmirik. Bu səbəbdən, istəyərdim ki, yağı da, südü də, çörəyi də hər bir məhsulu sıfırdan özümüz hazırlayaq. Axı əvvəllər belə idi, hər şey natural idi. Qonşu da yaxşı kartof var idisə, sən öz bağında bitən pomidor ilə dəyişə bilərdin.
Gözlərindən görünür ki, kənd həyatını çox sevirsən. Bəs necə düşünürsən, Azərbaycan da gənclər arasında kəndə qarşı belə maraq bəsləyənlər, belə yaşamaq istəyənlər çoxdur?
Düşünürəm ki, çoxdur. Sadəcə istəmək işin yarısıdır. Gərək bu istəyi reallaşdırmağa doğru addım da atasan.
Bəs kənddə hər şeyin necə çətin və monoton olduğunu düşündüyün anlar olurmu?
Uşaqlıqda hər gün eyni həyətə düşüb dostlarla oynayırdıq. Həyət eyni olsa da, hər günümüz maraqlı keçirdi. Bura da belədir, sadəcə bəzən stressli anlar çox olur. Məsələn, on gün dayanmadan yağan yağış nəticəsində palçıqlı yerdə at sözünə baxmır, ayaqların islanır, amma sonra isti evinə çatırsan və bütün çətinliklər unudulur.
Qonaq qəbul edirsiniz? Bəlkə, burada qonaq evi təşkil etmək istəyərsiniz?
Bələ planlarımız olur, amma hələ ki, qonaq evi, retreat mərkəzi və ya art rezidensə dönmək istəmirik. Təbii ki, qonaq qəbul etmək istəyirik, çünki maraqlı insanlar həyatı gözəlləşdirir. Amma kommersiyaya çevrilmək istəmirik. Qonaq qəbul etmə işinin stressli vəziyyətləri də çox olur. Ona görə də, hələ ki bura yalnız bizim dostların tövsiyələri əsasında qonaqlar gəlir. İstəyirik ki, gələcək planlarımız elə beləcə də təbii şəkildə formalaşsın.
Sizin həyat tərsiniz buranın ənənələri ilə kəsişirmi? Məsələn yediyiniz yeməklər, evinizin ümumi görünüşü.
Düşünürəm ki, bir çox ortaq nöqtələrimiz var. Bəzi məsələləri özümüzə məxsus şəkildə edirik, amma elə məsələlərdə var ki, yerli əhalidən öyrənirik.
Məsələn nə öyrənirsiniz?
Məsələn, odun doğramağı və odunları ata yükləməyi. Bunu öyrənmək mütləqdir. At 200-250 kq odun daşıdığına görə bu prosesi düzgün idarə etmək lazımdır. Burada hətta balaca uşaqlarda bunu bacarır.
Təbiətlə ahəngdə yaşayanda çox şey öyrənirsən. Şəhərdə də bəzi şeyləri öyrənmişdik, kənddəkilər bunu görəndə çox təəccüblənirdi. Təcrübənizi bölüşə bilmək çox vacibdir.
Siz onlara nə öyrətmisiniz?
Burdakı evlər primitiv sobalarla isinir. Bütün istilik çölə gedir, yalnız sobanın olduğu bir otaq isinir. Bu səbəbdən qışda hər kəs bir otağa yığışıb belə yaşayırlar. Bununla belə çox odun sərf olunur. Biz isə öz evimizdə həm havanı, həm də suyu qızdıran qazanlı soba quraşdırdıq. Bu yerliləri çox təəccübləndirdi, onlar gördü ki, ev tamamilə isinə bilər. İndi burada yaşayan hər kəs məhz belə soba istəyir.
Bundan əlavə, mən taxtadan ev tikmək istəyəndə qonşular məni fikrimnən daşındırmağa çalışdı. İndi isə, onlar belə evin üstünlüklərini görürlər. Onlar gildən tikilən evlərini söküb daşdan evlər tikiblər. Belə evləri isitmək daha çətindir.
Bu il biz gildən atlar üçün tövlə və emalatxana tikdik. Qonşular bizə kömək edirdilər. Bizim palçıqdan nəsə tikdiyimiz onların da xoşuna gəldi. Meşəyə tikinti məhsullarını gətirməyin mənası yoxdur, axı hər şey əlimizin altında var.
Biz fərqli olsaq da, bir birimizə sevgi və hörmətlə yanaşırıq.
Amma bəzi fərqli cəhətlərimizdə var. Məsələn, yerli əhali anlamır bir ailədən olmayan bir necə cütlüyün bir evdə yaşamasını, amma buna hörmətlə yanaşırlar. Bizə qonaq gəlirlər, bir yerdə yeyib-içib, deyib-gülürük.
Neçə ildir ki, belə yaşayırsan?
Üç ildir. 2017-ci ildən başladım, 2018-də həm Bakıda həm kənddə olurdum, 2019-cu ildən isə Bakı ilə vidalaşdım.
Şəhər həyatının hansı özəlliklərini kəndə gətirmək istəyərdin?
Mənim üçün kənd həyatına və buranın inkişafına qayğı ilə yanaşmaq çox vacibdir. Hər şeyin həddən artıq menecment olmadan, təbii yolla irəliləməsini çox istəyərdim. Həqiqətən istəyərdim ki, yerli əhali ilə kənd təsərrüfatını inkişaf etdirərək kiçik bir şəbəkə quraq ki, hərə öz yetişdirdiyi məhsulu maksimal şəkildə reallaşdıra bilsin.
Ən əsası bunun üçün bizim resursumuzda var – yaşadığımız yerin yaxınlığında Xanbulan çayı axır. Və bura tez-tez turistlər baş çəkir. Onlar üçün market aça bilərik və öz bağımızda yetişən məhsulları sata bilərik. Kənddə yaşayan hər kəs yetişdirdiklərini burada sata bilər. Amma əlbəttə ki, ilk olaraq bunu özümüz etməliyik ki, bütün detalları anlayaq və yalnız bundan sonra başqalarına da tövsiyə edə bilərik.
Müsahibəmiz sənin uşaqlıq xatirələrindən başlamışdı. Bəs bu gün valideynlərin sənin kənddə yaşamağına necə baxır?
Mənim yalnız atam var, və sözün düzü o, məni anlamır.
Sənin kənd həyatını niyə seçdiyini üç il ərzində anlamadı?
Çox güman ki, o, məni heç vaxt anlamayacaq. Onun öz fikri var. Şəhərdə təmiz rahat evin və işin olduğu halda, kənddə əziyyətin palçığın içində yaşamağı qəbul etmir.
Bəs atan əslən kənddəndir?
Xeyr, o Lənkəran şəhərində böyüyüb, burada özəl evdə yaşayıb. Onların inəkləri, qoyunları və toyuqları olub.
Belə alınır ki, atanın nə vaxtsa qaçdığı həyata sanki sən geri dönmüsən?
Bəli, bəli. Buralarda bu tez-tez qarşılanan haldır. Kənddən bezib şəhərə istəyirlər. Okey, biz isə kənddə qalmaq istəyirik.