Bir neçə dəqiqəyə ölkə və ya şəhəri yaxından necə tanımaq olar? Əlbəttə bazara baş çəkərək! Yerli əhalini və onların mədəniyyətini ən gözəl şəkildə hiss etmək üçün rengarəng ticarət yerlərinə nəzər salın. Bu gün isə Təzə People sizi dünyanın 5 ən maraqlı bazarı ilə tanış edəcək.
Union Square Greenmarket
(Nyu-York, ABŞ)
Tarix
1970-ci illərdə açılan nisbətən gənc bazar tez bir zamanda Manhettenin ən işlək bazarına çevrildi, yay aylarında 150-dən çox yerli fermer, balıqçı və çörəkçi məhz burada ticarət ilə məşqul olur, həftə sonları isə 60.000-ə yaxın insan bura alış-veriş etməyə və sevimli satış nöqtələrinə baş çəkməyə gəlir. Məsələ isə ondadır ki, bura yerli sakinlərlə yanaşı həm də ən məşhur restoranların aşpazları da gəlir, çünki məhz burada çox geniş çeşiddə orqanik məhsullar təqdim olunub.
Alınası məhsullar
Yerli təsərrüfatlardan tərəvəz və meyvələr, un məmulatları, balıq və ət, həmçinin çiçəklər, qəhvə, şirniyyat və şərab. Əgər siz Nyu-Yorkdasınızsa, bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri səhər saat 8-dən axşam 6-ya kimi mütləq bu bazara gəlin.
Maraqlı faktlar
Bazarın saytında həmin gün işləyən fermerlərin siyahısı ilə tanış ola bilərsiniz. Burada alış-verişlə yanaşı həm də kulinariya üzrə masterklasslar, orqanik tərəvəzçilik dərsləri və uşaqlar üçün də maraqlı məşquliyyətlər təşkil olunur. Hələ bu da son deyil, bu bazarda həm də Nyu-York rəssamları əsərlərini nümayiş etdirir və satışa çıxarırlar.
El Mercado Central
(Santyaqo, Çili)
Tarix
1868-ci ildə neoklassik üslubda tikilmiş bazar ölkənin mədəni irsinin obyektləri sırasındadır. Çuqundan hazırlanmış damın və strukturun dizaynı ingilis Edvard Vuds və Çarlz Henri Drayver tərəfindən hazırlanmışdır.
Alınası məhsullar
Balıq və dəniz məhsulları. Çili sahilləri qayalıq olduğundan burada balıq tutmaq çətin məsələdir. Lakin buna baxmayaraq, yerli balıqçıların ovları həmişə nadir delikateslər ilə zəngin olur - bu, Santyaqonun mərkəzi bazarının dünyanın ən yaxşı balıq bazarlarından birinə çevrilməsinə təkan vermişdir.
Maraqlı faktlar
Burada daim musiqiçilər çıxış edir və yerli sənətkarlar toplanır. Ərazidə sizin üçün təzə alınmış balıq və dəniz məhsulları hazırlanacaq restoran və kafelər var. Santyaqo sakinləri əmindirlər ki, Mercado Central ölkə həyatının mərkəzidir. Buranın ab-havasını hiss etmək istəyirsinizsə, yerli əhalinin necə ünsiyyət qurduğuna nəzər salın, amma çalışın səhər tezdən gəlin, çünki günorta saatlarında turist izdihamı yaşana bilər.
Borough Market
(London, Böyük Britaniya)
Tarix
London körpüsünün yanında yerləşən bazarın 13-cü əsrdən tanınmasına baxmayaraq, burada ticarətin iki yüz il əvvəl başladığı deyilir. Bazarı 19-cu əsrdə yeni binaya köçürdülər, lakin o, Britaniya paytaxtının inkişaf etməsilə bərabər daim dəyişməyə davam etdi. Art Deco üslubunda hazırlanmış məşhur əsas giriş 1930-cu illərdə binaya əlavə olunub.
Alınası məhsullar
İnsanlar buraya balıq, ət, süd məhsulları, çörək, alma və bal üçün gəlirlər. Burada siz dünyanın hər bir yerindən məhsul tapa bilərsiniz: İspaniyadan salyami kolbasası, Fransadan pendir çeşidləri, Portuqaliyadan gələn xurma və daha nələr-nələr. Burada siz hətta antilop və ya kenquru ətindən burger də dada bilərsiniz. Amma iki məhsul var ki, satış üzrə çempionluğu qoruyub saxlayır – xüsusi balıq supu və alma sidri.
Maraqlı faktlar
Borough Market rejissorların da nəzərindən qaçmayıb. Qay Riçinin “Kartlar, pullar, iki silah” filminin bəzi səhnələri burada çəkilib. Həmçinin Alfonso Kuaronun “Harri Potter və Azkaban tutsağı” filmində də bazarı görə bilərsiniz.
Központi Vásárcsarnok
(Budapeşt, Macarıstan)
Tarix
Bazar 1897-ci ildə tikilib və yüz ildən sonra yenidən qurulub. Bina işıqlı və genişdir, xüsusi vitrajlar və kafellərlə bəzədilmişdir. Səyahətçilər Budapeşt bazarını dünyanın ən gözəl bazarlarından biri hesab edirlər.
Alınası məhsullar
Iri həcmli şüşə qabda meyvəli vodka-palinka, Pick salyamisi və Unicum bitteri, həmçinin macarların bütün xəstəlikləri müalicə etdikləri alma-bibər sirkəsi, qırmızı soğan və konservləşdirilmiş paprika.
Maraqlı faktlar
Adətən günün ikinci yarısında meyvə və tərəvəzlərə yaxşı endirim olunur. Bazarın üçüncü mərtəbəsində yerli restoranlar və suvenir mağazaları var. Ayda iki dəfə isə bazarın xüsusi ara qatında Budapeşt operasından həzz ala bilərsiniz.
Üzən bazar Damnoen Saduak
(Bankok, Tayland)
Tarix
Bir əsrdən çox tarixi olan bazar, kral IV Rama tərəfindən tikilmiş Taylandın ən uzun kanalında yerləşir. Ticarət nöqtələri sanki qayıqlardan ibarət labirint kimi müştərilərə çatmaq üçün daim hərəkətdədirlər. Əvvəlcə bu yerdə kənd təsərrüfatı məhsullarının satılacağı planlaşdırılırdı, lakin çeşid sürətlə artdı və indi Taylandda ürəyiniz nə istəsə - yeməkdən tutmuş suvenirlərə kimi burada tapa bilərsiniz.
Alınası məhsullar
Tropik meyvə və tərəvəzlər, ədviyyatlar, balıq və dəniz məhsulları, bitki mənşəli buxurlar, əl işləri və suvenirlər.
Maraqlı faktlar
Burada elə birbaşa qayıqda balıq və krevetlər qrildə bişirilir və düyü ilə təqdim olunur. Buranın məşhur pad-tay və dimsam yeməklərini də qayıqda dada bilərsiniz. Bazarlıq etməyi bacarırsınızsa satıcılar tərəfindən xüsusi hörmətlə qarşılaşaqsınız.