Leyne.co: həsirçilik sənətinin yaşadılması həm Lənkəran cəmiyyətinə,həm də təbiətinə necə kömək edə bilər

Insanlar

Leyne.co — həsir toxuma kimi qədim talış ənənəsini yaşadan qadın icmasıdır. Bu sosial biznesi mədəniyyət menecmenti üzrə mütəxəssis Günay Rzazadə təsis edib. “Təzə People” jurnalı ilə söhbətində o, iyirmi birinci əsrdə xalq sənətkarlığının bərpasının əhəmiyyəti, məsuliyyətli sahibkarlığın mahiyyəti və qamışdan hazırlanan məhsulların sosial və ekoloji problemlərin həllinə verə biləcəyi töhfə haqqında danışıb.

Mən Lənkəran şəhərində talış ailəsində doğulub boya-başa çatmışam. Şəhər dəniz səviyyəsindən aşağıda yerləşdiyindən rütubət səviyyəsi xüsusilə yay aylarında yüksək olur. Bu coğrafi xüsusiyyət talışların həyat tərzinə ciddi təsir göstərmiş, yerli mədəniyyətin müəyyən mənada məzmununu müəyyən etmişdir.

Qamışlıqlar regionumuzun bataqlıq ərazilərində mövcuddur. Lığ və pizə adlandırdığımız iki qamış növü xüsusilə rütubəti tam şəkildə canına çəkir. Burada əsrlər boyu insanlar həmin qamış növlərindən zənbillər, çantalar, ayaqqabılar, xalçaların altına sərilən həsirlər və məişətdə istifadə olunan digər əşyaları toxuyurlar. Hətta Sovet İttifaqı dövründə Lənkəranda hələ də həsirçilik sənəti ilə məşğul olan insanlar var idi, amma plastik və sellofandan istifadə yayıldıqca bu istehsal sahəsi qısa bir zamanda tənəzzülə uğradı. Bundan başqa qamışların yığılması həddindən artıq çətin bir prosesdir. Qamışlar bataqlıq ərazilərdə bitdiyi üçün qadınlar yığım zamanı ilan və digər həşəratlarla mübarizə aparmalı olurlar ki, bu da kifayət qədər təhlükəlidir. Daha sonra isə qamışı günəş şüaları altında qurutmaq və sudan qorumaq lazımdır, əks halda o xarab ola bilər. Bütün bu çətinliklərə və 90-cı illərə xas iqtisadi problemlərə görə həsirçilik sənəti bizim bölgəmizdə diqqətdə kənar qalmış və az qala unudulmuşdur.

Əvvəllər burada hər kəsin həsirçilik sənəti ilə məşğul olan qonşusu, dostu, tanışı var idi. Hətta mənim atam da uşaq olarkən yay tətilində böyüklərə qamış yığmağa kömək edirdi.

Mən həmişə bu irsi Lənkərana qaytarmaq istəyində olmuşam

Turizm və mədəniyyətin menecmenti sahəsində təhsil aldığım üçün biznesə əsaslanaraq yerli mədəniyyəti inkişaf etdirməyin yolları haqqında öyrənmək imkanım olub. Mən istəməzdim ki, məni etnik azlıq mövzusunu istismar edən və onun mədəniyyətini əmtəə kimi satan şəxs kimi qəbul etsinlər. Bu mənim prinsiplərimə ziddir. Amma mən eyni zamanda hesab etmirəm ki, sənətlə yalnız estetika və gözəllik naminə məşğul olaraq onu ilahiləşdirmək lazımdır. Odur ki, doğrudur, bu sənət mədəni irsinin bir parçası olsa da, bu sahədə çalışmaq praktiki cəhətdən əlverişli olmalıdır. Əl işləri satıla bilməlidir, əks halda biz bu sahəni inkişaf etdirə bilməyəcəyik.
Bir çox insanlar sosial sahibkarlığı adi sahibkarlıqdan ayırır və mənim zənnimcə, bu, tam mənada düzgün deyil. Bizim haqqımızda tez-tez deyirlər ki, biz “sosial” sahibkarlıqla məşğul oluruq. Amma biz normal insanyönlü sahibkarlıqla məşğul oluruq. Yəni bu elə sözün ilkin mənasında sahibkarlıq fəaliyyətidir.

Sahibkarlıq vasitəsilə yerli mədəniyyətin qorunması, qadın hüquqları və iqlim dəyişikliyi problemlərinin həllinə töhfə vermək istərdim. Bu mənim üçün çox vacibdir, çünki mən həm bu icmanın üzvüyəm, həm də ətraf mühit problemlərinin Yer kürəsinin hər bir sakinini narahat etməli olduğunu düşünürəm. Bizim Leyne.co icmasının əhəmiyyəti ondadır ki, bu cür çətin məsələlər üzrə kiçik həllər axtarır və tapır.

Birincisi, həsirdən hazırlanan məmulatlar çox tez parçalanır (təbiətdə həll olunur), yəni bu ətraf mühiti çirkləndirməyən ekoloji cəhətdən təmiz məhsuldur. İkincisi, bizim cəmiyyətimizdə dəstəyə ehtiyacı olan qadınlar toplaşır. Biz qadınlara sənət öyrədirik və daha sonra onları işlə təmin edirik. Məsələn, əməkdaşlıq etdiyimiz üç yerli usta üç ay ərzində icmamızın 15 qadın üzvünə həsir toxuma sənətini öyrədib. 2022-ci ilin noyabr ayının sonundan etibarən biz sifarişləri qəbul etməyə başlamışıq. Bu müddət ərzində bizim qazancımız 1000 manata yaxın vəsait təşkil edib ki, bu bizim üçün böyük pul məbləğidir. Axı, icmamıza yeni qoşulan qadınlar qısa müddətdə bu işə başlayıblar, onlar hələ həsir sənətinin incəliklərinə tamamilə yiyələnməyiblər və peşəkar ustalar kimi sürətli işləmək qabiliyyətinə sahib deyillər. Lakin onlar öz əməkləri sayəsində artıq gəlir əldə edirlər və bu çox şeyə dəyər.

Qeyd etmək yerinə düşər ki, Leyne.co icmasında çalışan qadın ustalarımız üçün bu təkcə bir iş deyil, həm də qarşılıqlı dəstək imkanıdır. Bir neçə gün öncə WhatsApp qrupumuzda icma üzvlərimizdən biri rəfiqəsinin ağır xəstə olan övladı barəsində məlumat paylaşmışdı. Əməkdaşlarımız aztəminatlı ailələrdən gəlmələrinə baxmayaraq çox çevik dəstək göstərdilər. Başqa bir nümunəni də qeyd edə bilərəm. İcmamımızın ağbirçək üzvünün əlində nasazlıq olduğuna görə o, daha həsir toxumağa davam edə bilmirdi. İcmamızın üzvləri həmin xanımın ad günündə hədiyyə ilə onu təbrik etməyə getmişdilər. Belə anlar məni xoş mənada həm təəccübləndirir, həm də sevindirir. Həmrəyliyimizi hiss edirəm, bir icma olduğumuzu anlayıram.

Biz qədim mədəniyyəti inkişaf etdirsək də, onu müasir üslubda təqdim edirik. Əvvəllər bizi Instagram və Pinterestdə dərc olunan sənət nümunələri ilhamlandırırdı, daha sonra biz özümüz məhsulları dizayn etməyə başladıq. Təcrübə yolu ilə biz qamışdan nələrin hazırlanıb-hazırlana bilinməyəcəyini anladıq, yəni materialın xüsusiyyətlərini hiss etdik. İndi bizim qadın ustalarımız qamışdan təkcə ənənəvi talış zənbilləri deyil, həm də dəbli klaçlar, bel çantaları və xonçalar (çərəz və şirniyyat üçün kiçik qablar) toxuyurlar. Belə çıxır ki, bu təkcə istehsal deyil, eyni zamanda bu bir sənət növüdür.

Qadınlar buraya ancaq pul qazanmağa görə gəlmirlər, bu onlar üçün həm də incəsənət-terapiyadır

Bu yaxınlarda BMT-nin ixtisaslaşmış təşkilatlarından biri bizdən səbətlər sifariş edib və böyük məbləğdə pul vəsaiti ödəmişdir. Bu çox gözəldir, amma biz ümumiyyətlə istəyirik ki, bizim məmulatlarımız yalnız yüksək gəlirli qruplar üçün deyil, bütün insanlar üçün əlçatan olsun. Xalq sənəti tez-tez etnik amilin istismarına çevrilir, çünki gözəl hekayələr və marketinq kampaniyaları işləyib-hazırlamaq hal-hazırda çox dəbdədir. Mən istəməzdim ki, bizim fəaliyyətimiz də eyni cür qavranılsın. İstərdim ki, icma ədalətli qiymət əsasında fəaliyyət göstərsin: materialın dəyəri, qadınların sərf etdikləri səy və vaxt, nəqliyyat xərcləri və başqa xərclər hesablanmalı və ümumi qiymət çıxarılmalıdır.

Çox arzu edirəm ki, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaşayan digər etnik qrupların mədəniyyətlərinin inkişafına da töhfə verim. Məsələn, Astara rayonunda Hamoşam kəndi var. Kənd bələdiyyəsinin başçısı Rüfət Əliyev yerli mədəniyyətin dirçəldilməsi və təbliği ilə məşğul olduğumu bilib məni bu gözəl kəndə dəvət etdi.

Hamoşamda qadınlar kilim toxumaq ənənəsini davam etdirirlər. Hələ nənəm mənə deyərdi ki, o, balaca olanda Lənkərandakı evlərində kilimlər toxunurdu. Lakin bu gün Lənkəranda kilimçilik sənəti artıq unudulub, Hamoşamda isə tənəzzülə uğrasa da, hələ də yaşayır.

Kilim sənətindən anlayışı olan dostlarımın fikrincə, Hamoşam qadın ustaları çox keyfiyyətli məhsullar hazırlayırlar. Sovet dövründən qalma ənənəvi əşyalar istehsal olunsa da, qadınlar yeni forma və naxışlar üzərində də işləyirlər. Onlar öz xalçaçılıq məktəblərini digər Azərbaycan xalçaçılıq məktəblərinin təcrübəsinə əsaslanaraq inkişaf etdirirlər.

Hələlik biz yalnız təbliğat işində köməklik göstəririk və kilimləri Bakıda və Lənkəranda məhsullarımızı satdığımız mağazalarda sərgiləməyi planlaşdırırıq. Ancaq gələcək üçün böyük ümidlərimiz var. Mən xəyal edirəm ki, Hamoşamın özündə də satış və sərgi salonu açılsın. Həmin satış və sərgi salonu üç otaqdan ibarət olacaq: onların birincisində qadın ustalar sap hazırlayıb boyayacaq, ikincisində - xalça toxuyacaq, üçüncüsündə isə xalçaları qonaqlara nümayiş etdirib satmaq imkanları olacaq. Əminəm ki, bu rəngarəng prosesi düzgün təqdim etsək, kəndə çoxlu sayda alıcı və turist cəlb edib yeni nəfəs gətirə biləcəyik. Ən nəhayət, axı niyə kənd turizmdən qazanc əldə etməsin ? Biz turistlərin rahatlığı üçün hər şeyi yenidən qurmalı deyilik, xeyr, amma biz sahibkarlıq alətlərindən istifadə edərək mədəni irsimizi inkişaf etdirə bilərik.

Əvvəl də qeyd etdiyim kimi Azərbaycandan kənarda olan digər xalqların da mədəni irsi mənim üçün çox maraqlıdır. Məsələn, Gürcüstanın Zuqdidi şəhərində "Hands for peace" təşkilatı var və həmin təşkilata rəhbərlik edən Maka çox fəal bir qadındır. Bu da bir qadın cəmiyyətidir ki, orada qadınlara toxumağı öyrədirlər. İndi biz onların Lənkərana səfərini təşkil etmək üçün fəal şəkildə qrantlar axtarırıq. Biz qadınları biri-birləri ilə tanış etmək istəyirik. Məqsədimiz onlara bir-birlərindən əl işləri sənətlərini öyrənmək, gündəlik qayğılarından azca da olsa yayınmaq və əylənmək imkanı verməkdir. Axı yalnız iş görmək deyil, başqa mədəniyyətlərlə tanış olmaq və ünsiyyət qurmaq da çox vacib və xoş təcrübədir.

Leyne.co məhsullarını tapa biləcəyiniz məkanlar

Bakı:

Project Flat.Az

W-Space

Lənkəran:

Tor Coffeeshop

Lankaran Xan Sarayı

Nilado Green Hotel

Məqalə mənim yaddaşımda əsl lənkəranlı kimi əbədi qalacaq Mehman Rzayev Talışinskiyə həsr olunub. Əziz əmi, həyatımda gördüyüm ən azad, və ən maraqlı insan idin…heç kim məni sənin kimi dəstəkləmədi... Heç kim məni sənin kimi başa düşmədi və hiss etmədi... Mədəniyyətimizi qoruyub saxlamaq üçün bütün səylərim sənin adınla bağlı olacaq.

Lənkəranın yolları burma-burmadır,

Lənkəranın kolları burma-burmadır,

Sən gələsi bilsəydim, əmim, süpürərdim yolları...

(c) Günay Rzazadə

Photo: Aygün Rəşid, Toghrul Faraj