Sanatorium Premium postsovet ölkələrində sanatoriyaların və sağlamlıq mərkəzlərinin mədəniyyətini, müalicəvi təcrübələrini və memarlığını öyrənən tədqiqat layihəsidir. Layihənin həmtəsisçisi Sofya Savelyeva Təzə People jurnalı üçün Azərbaycanın kurort tarixi haqqında xüsusi məlumat kitabçası hazırlayıb.
Azərbaycanda sağlamlıq turizminin ən tanınmış növü iqlim müalicəsidir. Bu terapiya təbiətin təsiri, yəni ki, günəş şüalarının, dənizin və havanın köməkliyi ilə aparılan xüsusi müalicə növüdür (payızda və yazda hava bromun, yodun və duzun buxarları ilə zəngin olur). Xəzər sahilində günəş vannaları, əncir ağacları və üzüm bağlarında hava vannalarının qəbulu və əlbəttə ki, duz mağaraları. Yuxarıda sadalananlar əslində hamımız üçün əlçatan terapiya vasitələridir. Bütün bunlara baxmayaraq sanatoriya-kurort aləminin əvəzolunmaz çempionu naftalandır!
Azərbaycanda ilk naftalanla müalicə korpusları XX əsrin 20-30-cu illərində tikilmişdir. Burada tikilən xüsusi taxta evlərin mərkəzinə neftlə dolu beton hovuzlar inşa edilmişdir. Bir hovuzda kişilər, digərində isə qadınlar vanna qəbul edirdi. Çox güman ki, məhz bu hovuzlarla ölkənin balneoloji kurortlarının inkişafının başlanğıcı qoyulmuşdur.
Lakin bildiyiniz kimi, balneologiya yalnız neftlə müalicə deyil. Mineral suyun həm daxilə, həm də xaricə qəbul edilməsi balneoloji kurortların əsas hissələrindən biridir. Təbiətin zənginliyi sayəsində Azərbaycan ərazisində mindən çox soyuq və termal mineral bulaqlar var. Bu bulaqların çoxunun ətrafında sanatoriyalar və dəbli spa otellər fəaliyyət göstərir.
Gəlin, mükəmməl müalicəvi proseduru təsəvvür edək – siz naftalanla dolu vannada uzanmısınız və "Badamlı" içirsiniz. Vanna gözəl mənzərəli terrasda yerləşir və sahildən gələn yüngül külək sizin ağ ciyərlərinizi minerallarla doldurur. Ölkədə fəaliyyət göstərən sanatoriyalarda tam belə bir prosedura rast gəlməsəkdə, maraqlı bir neçə müalicəvi prosedurlar aşkar edə bildik.
«Bilgəh» Kardioloji Sanatoriyası
650 nəfərlik sanatoriya Bakıdan 40 kilometr məsafədə yerləşir. Sanatoriya zeytun plantasiyaları və üzüm bağları ilə əhatə olunmuşdur. Stalin dövrünün "ampir" üslubu ilə milli memarlığın qarışığı korpuslarda öz əksini tapıb. Buranın əfsanəsinə əsasən, sanatoriya üçün ayrılan yer təsadüfi olaraq seçilməmişdir. Dəniz kənarı boyunca ət tikələri asmışdılar ki, ətin ən uzun müddət təzə qaldığı yeri müəyyən etsinlər və həmin yerdə sanatoriya tiksinlər. Bu da təəccüblü deyil, çünki sanatoriya hərbi elita üçün nəzərdə tutulmuşdur.
Hansı müalicəvi prosedurlar etmək olar
Sanatoriya ürək-damar xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmışdır. Məhz buna görə, orada ilk növbədə ürək diaqnostikasından keçmək və onun əsasında fərdi prosedurlar proqramını tərtib etmək olar. Sanatoriya düz Xəzər sahilində yerləşdiyi üçün, məsləhət görərdik ki, burada mümkün qədər çox haloterapiya və aeroterapiya seanslarını qəbul edəsiniz. Xüsusilə də ona görə ki, siz bunu birbaşa binada, yəni açıq terraslardan birində edə bilərsiniz.
Daha nə ilə məşğul olmaq olar
Sanatoriyanın kitabxanasına baş çəkin. Burada siz spiritik seanslar üçün masa aşkar edəcəksiniz. Həmçinin, milli dekor və xalçalar əhatəsində oturaraq kitab oxuya biləcəksiniz. Bundan əlavə, sanatoriyanın yaxınlığında dəniz kənarı boyunca yerləşən bir neçə sağlamlıq mərkəzini bir-biri ilə birləşdirən 2 kilometrlik velosiped yolu var. Bu da prosedurlar siyahısına əlavə oluna biləcək maraqlı məşğuliyyət ola bilər.
«Abşeron» mədə-bağırsağ sanatoriyası
Bu sanatoriya Abşeron yarımadasının incilərindən biridir. Sanatoriyanın binası şərq üslubunda tikilmişdir. Vitrajlar və nahar etmə zallarındakı qövs şəkilli tağlar göz oxşayaraq, sanki sizi sağlamlıq nağılına dəvət edəcək. Sanatoriya şəhərdə, Yesenin küçəsində yerləşir.
Hansı müalicəvi prosedurlar etmək olar
Məsləhət görərdik ki, ilk olaraq baş həkimin qəbuluna yazılın və ən maraqlı adlara sahib olan prosedurlara göndəriş alın. Məsələn, mastika yaxmaları, yəni sadə dillə desək, palçıqla müalicə. Yaxud da, qarın nahiyəsində qan axınının normallaşdırması üçün nəzərdə tutulmuş maqnit şüalanmasına malik sovet cihazlarını tapa bilərsiniz. Və əlbəttə ki, buranın mineral suyunu da unutmaq olmaz.
Daha nə ilə məşğul olmaq olar
Müasir üslubda qurulmuş mineral sularının qalereyasına baş çəkin, yeməkxanalardakı vitrajlara və çilçıraqlara da nəzər salın. Sanatoriyanın yanında yerləşən Mərdəkan dendrarisində də gəzə bilərsiniz. Burada Yeseninin əsərlərini oxuya bilərsiniz, çünki rus şairinin sevimli istirahət yerlərindən biri məhz Mərdəkan olub. Kim bilir, bəlkə də, o, "İran Nəğmələri" silsiləsini necə tamamlayacağını məhz burada düşünmüşdü.
«Çinar» sanatoriyası və spa oteli
Sanatoriya öz adını onu əhatə edən ağcaqayınların (şərq çinarları, çinarlar) şərəfinə almışdır. Korpusların tikintisi 1980-ci illərdə, yəni Azərbaycanda kurort müalicəsinin pik səviyyəsində olduğu dövrdə başlanmışdır. 2011-ci ildə sanatoriya yenidən qurulmuş və spa oteli statusunu almışdır. Bu gün “Çinar” 20 hektar əraziyə sahibdir və naftalanla müalicə tətbiq aparıcı sağlamlıq ocaqlarından biri hesab olunur.
Hansı müalicəvi prosedurlar etmək olar
“Çinar”- da 13-dən çox bölmə var. Ancaq insanlar buraya ilk növbədə naftalan vannalarına görə gəlirlər. Prosedurdan qabaq sizə dəsmal, xalat, vanna qəbul etdikdən sonra isə neftin qalıqlarını silmək üçün ələt və bədəni nəmləndirmək üçün kağız verilir. Prosedurun müddəti 8-10 dəqiqədir. Prosedurdan sonra bir iki saat ərzində duş qəbul etməmək məsləhət görülür. Təsiri hiss etmək üçün ən azı səkkiz dəfə naftalan vannası qəbul etmək lazımdır.
Daha nə ilə məşğul olmaq olar
Yerli rəssam Azad Əliyevin heykəltəraşlıq kompozisiyasını tapın. O, naftalanın kəşf edilməsi ilə bağlı əfsanədən bəhs edir. Qədim dövrlərdə buradan karvan yolu keçirdi. Karvanların birində dəvə xəstələnir. Karvanbaşı ləngiməmək üçün xəstə heyvanı qoyub getmək qərarına gəlir. Lakin karvan geri qayıdarkən dəvə tam sağlam vəziyyətdə tapılır. Məlum olur ki, bütün bu müddət ərzində o, kiçik naftalan göllərində çimirmiş. Beləliklə də, bu neftin möcüzəvi xüsusiyyətləri aşkar edildi. Əgər sizə hər şey darıxdırıcı gəlirsə, o zaman şəhərə gedin və qoltuqağacları muzeyini tapmağa çalışın. Pasientlər onların üzərinə təşəkkür sözlərini yazıb artıq lazımsız olduqları üçün elə sanatoriyalarda qoyarmışlar.
«Duzdağ»ın duz mağaraları
Ev interyeri ilə əhatə olunmuş və istirahət üçün xüsusi yerlər ayrılmış bir mağara təsəvvür edin. Sağlam insanın düzgün ictimai məkanı məhz belə olmalıdır. Naxçıvan Muxtar Respublikasında speleoterapiya belə görüntüyə malikdir. 1979-cu il dekabrın 29-da burada duz şaxtası bazasında “Duzdağ” fizioterapiya mərkəzi açılmışdır. Şaxtaya bir günlük ziyarət daxilində baş çəkmək və ya yaxınlığındakı eyniadlı sanatoriyada qalmaq olar.
Hansı müalicəvi prosedurlar etmək olar
Duzdağın duz mağaralarının unikallığı onların üfüqi şəkildə olmasıdır. Bu da, ziyarətçilərə yavaş-yavaş havaya və temperatura öyrəşməyə imkan verir. İlk günlər siz gün ərzində sadəcə mağara boyunca gəzirsiniz. Daha sonra yeni səviyyəyə keçirsiniz, yəni saat 20:00-dan səhər saat 08:00-a qədər palatalarda qalırsınız. Müalicənin effektiv olması üçün 10-15 ədəd belə prosedur etmək lazımdır. Tam bir iş həftəsinə bənzəyir!
Daha nə ilə məşğul olmaq olar
Mağaradan çıxandan sonra Nuh Peyğəmbərin türbəsini ziyarət etmək üçün maşınla şəhərə gedin. Onun Naxçıvanda yaşadığı və burada vəfat etdiyi haqda çox əfsanələr var. Bundan əlavə, yaxınlıqda məşhur memar Əcəmi Naxçıvaninin müəllifi olduğu XII əsrə aid olan tikili - Möminə-Xatun məqbərəsi yerləşir. Əgər hələ də gücünüz qalarsa, Əlincə qalasına gedin: 1500 pillə qalxandan sonra sanki bütün şəhər ayaqlarınızın altında olacaq.
Sanatoriyada istirahət – fərqi yoxdur 2 günlük və ya 15 günlük - fərdi bir təcrübədir. Postsovet məkanında sanatoriya-kurort müalicəsinin özəlliyi ondan ibarətdir ki, o, "hər şey daxil" konsepsiyası ilə üst üstə düşmür. Hər bir sanatoriyanın özünə məxsus yazılmamış qanunları və iş rejimi var. Məsləhət görürük ki, bu məlumatı mütləq qayda kimi deyil, əksinə istirahətinizi istədiyiniz şəkildə keçirmək üçün imkan kimi qəbul edəsiniz. Ən yaxşısı bunu yerindəcə həkim və sanatoriya işçiləri ilə quracağınız münasibət əsnasında edəsiniz. Xüsusən də Azərbaycan kimi qonaqpərvər ölkədə. Çünki ən maraqlısı uzun müddət sanatoriyada çalışanların əllərində və yaddaşlarında həkk olunub.