İki ildən sonra Təzə Bazar öz qapılarını bakılıların və şəhərimizin qonaqlarının üzünə açacaq. Biz layihə heyəti ilə gələcək bazar, onun konsepsiyaları, yeni icarədarlar və bu yerin necə olacağı barədə danışmışıq.
İstərdik sizə yenilənmiş bazarın yaradılması üzərində çalışan insanları təqdim edək. Bu, memarlardan, dizaynerlərdən və layihənin ideoloqlarından ibarət çoxmillətli bir heyətdir.
Ginza Layihəsi — infrastruktur obyektlərinin yaradılması üzrə kompleks layihələri həyata keçirən beynəlxalq holdinq. Hazırda Ginza Layihəsi Rusiyada, habelə bütün dünyada, o cümlədən Azərbaycan, Gürcüstan, Böyük Britaniya, ABŞ və Çində 150-dən çox konseptual layihə həyata keçirir və onları idarə edir. Holdinqin mühüm fəaliyyət istiqaməti – bazar məkanlarının yaradılması və onların idarə olunmasıdır. Heyətin vizit kartı Moskvada Danilov bazarı - bütün Rusiyada bazar rekonsepsiyalarının başladığı ən yaşlı və əlamətdar ticarət meydançası olmuşdur.
Cobalt — Azərbaycanda uğurlu layihə bürolarından biri. Heyətin tərkibində beynəlxalq layihələndirmə təcrübəsi ilə müxtəlif ölkələrdən olan memarlar və dizaynerlər vardır. Cobalt yaşayış və ictimai binaların memarlığı üzrə ixtisaslaşmışdır, lakin, şirkətin portfelində tarixi obyektlərin yenidən qurulması və urbanizasiya layihələri də vardır. Ötən il Cobalt-ın layihəsi üzrə fiziki məhdudiyyətləri olan insanlar üçün Yaradıcılıq mərkəzi inşa edilmişdir, bu gün bütün ölkə üçün əhəmiyyət kəsb etməklə, istirahət və iaşə üçün yol stansiyalarının irimiqyaslı infrastruktur layihəsi həyata keçirilir.
Evdokimov.design studiyası — bütün dünyada unikal iaşə mərkəzləri yaradan ukraynalı memarlar və dizaynerlər qrupu. 2015-ci ildən heyət Gürcüstan, Azərbaycan, Çin və BƏƏ-də fəaliyyət göstərir.
— Layihəyə dair öz baxışınız haqqında danışın.
Evdokimov.design (Yevgeniy Yevdokimov və Maksim Kiriçenko – daxili məkanların memarlığı və tərtibatı): Bizim vəzifəmiz şərq üslubunda olan bir bazara innovativ baxışı təqdim etmək idi. Təzə Bazar dizayn-konsepsiyası qonaq qəbulu və qastro-mədəniyyət sahəsində müasir dünya trendləri, habelə ölkənin zəngin ənənələri və müasir şəhərlilərin ehtiyacları əsasında yaranmışdır. Biz, şəhər həyatının vuran ürəyi kimi bazarın əvvəlki funksiyasını saxlayacağıq. Bizim layihəmiz köhnə bazar mühitini bərpa etməkdir: hər bir şeyin – təzə ərzaqlar, ekzotik məhsullar, xalçalar, bəzək əşyaları, ədviyyatlar, qida, mebel və suvenirlərin satıldığı canlı ticarət bir neçə məhəllənin ərazisinə səpələnəcəkdir.
— Siz bazar konsepsiyasının yaradılması üzərində necə işləmisiniz?
Ginza Project (Olqa Kukoba və Yekaterina Qavinskaya - yaradıcı komanda): Bizim heyətimiz bütün ölkəni dolaşmışdır, biz hətta ən ucqar və yüksək dağlıq rayonlarda olduq, həqiqi bazar ruhunu tutmaq və hiss etmək, bu xüsusi mədəniyyəti dərindən dərk etmək və hər gün öz əlləri ilə Azərbaycan irsini yaradan istedadlı insanların şövqü ilə yüklənmək üçün onlarla bazara baş çəkdik və yerli sakinlərlə tanış olduq.
— Bazarda nə almaq mümkün olacaq?
G: Burada hər şey Made in Azerbaijan olacaq: ölkənin bütün regionlarından ən yaxşı məhsullar, təamlar və mallar. Biz müasir rahatlığı şərq koloriti ilə, zəngin ticarət məkanlarını isə həqiqi kafe və dəbə uyğun qəhvəxanalarla uyğunlaşdırmaq fikrinə düşdük. Təzə bazarda, biz, öz əcdadlarının ənənələrini davam etdirən ən istedadlı ustaları və sənətkarları cəlb etməklə yerli mədəniyyətin zənginliyini həqiqi şəkildə üzə çıxaracağımıza ümid edirik. Eyni zamanda, gələcək bazarın ziyarətçilərini ölkə ilə onun qastronomik ənənələri vasitəsilə tanış etməyi planlaşdırırıq.
Burada hər şey Made in Azerbaijan olacaq: ölkənin bütün regionlarından ən yaxşı məhsullar, təamlar və mallar.
— İcarədarları necə seçəcəksiniz?
G: Biz artıq Təzə İnsanlar proqramının işə salınması üzərində çalışırıq. Onun vəzifəsi bazarın ruhunu və onun əsas qəhrəmanlarını – Təzəni yaddaşlarda Bakıda məşhur ticarət məkanı kimi yaşadan satıcıları - qoruyub saxlamaqdır. Biz, həmçinin, müasir Azərbaycan mədəniyyətini və qastronomiyasını yaradanları – dekorativ-tətbiqi sənət ustalarını, restoran sahiblərini, fermerləri və istehsalçıları axtarırıq. Bizim üçün vacib olan tək bazarın əsas köhnə icarədarlarını saxlamaq və yenilərini yığmaq deyil, həm də onun ətrafında mehriban icma yaratmaqdır. İnşaat işləri başa çatdıqdan sonra, insanlar Təzə bazarda öz yerlərini tutacaqlar.
— Siz memarlıq konsepsiyasını qısaca necə ifadə edə bilərsiniz? Gələcək bazarın simasını hazırlayarkən sizi nə ruhlandırdı?
Cobalt (Karlis Saltups və Yekaterina Morozova – memarlar): Yenilənmiş Təzə Bazar konsepsiyasının yaradılması üçün ilham verən Bakının tarixi mərkəzi olmuşdur. Şəhərin nüvəsi – İçərişəhər – özü orta əsrlər Bakısının bütün mərkəzi rayonunu bir vahid arteriyada birləşdirən, çoxsaylı karvansaraylarla hörülmüş geniş ticarət küçəsi olmuşdur. İlk əvvəldən, biz, Təzə Bazar planını əyri-üyrü küçələr, işıq düşməyən meydanlar, rahat həyətlər və öz memarlıq qayələri ilə orta əsrlərə aid şərq şəhəri şəklində təsəvvür edirdik.
— Nə üçün köhnə bazarı yenidən qurmaq deyil, yeni binanı layihələndirmək zərurəti yarandı?
C: Təzə Bazar təxminən 70 il əvvəl ticarət meydançası kimi yaranmış və bütün bu müddət ərzində fasiləsiz şəkildə həm funksional, həm də məkan baxımından dəyişikliyə uğramışdır. Həm də bazarı əhatə edən mühit dəyişmişdir: ətrafda köhnə kompleksin memarlığına qarşı da yeni tələblər diktə edən müasir ictimai və yaşayış binaları peydə olmuşdur. Təzə Bazarın köhnə binasının çoxlu sayda çatışmazlıqları var idi – qurğuların, fasadların, interyerlərin köhnəlməsi, azhərəkətli əhali qrupları üçün əlçatan olmama, habelə parklanma, logistika və ərzaqların düzgün saxlanılması ilə bağlı ciddi problem mövcud idi. Bu funksiyaları istənilən halda binanın əvvəlki hüdudlarına sıxışdırmaq mümkün deyildi. Yeni bazar kompleksində əlçatanlığı, açıqlığı, istirahət üçün yerlərin mövcudluğunu təmin etmək, yaşıllaşdırmanı, cəlbedici maşrutları nəzərdə tutmaq və ən aktual memarlıq qərarlarından yararlanmaq vacib idi.
— Yəni bazar tamamilə yeni olacaq?
G: Biz keçmişi qiymətləndiriik və varisliyi saxlamaq istəyirik, amma bazar muzey deyil. Əsl bazar – həmişə şəhərin əksidir, onun portretidir, burada və indi baş verən bütün vacib olanların mərkəzidir. Memarlarımız qeyd etdikləri kimi, şəhərlərin inkişafında bazarlar həmişə xüsusi rol oynamışlar. Bakıda da bazar birinci ictimai məkan qismində çıxış etmişdir. Burada insanlar tək yeni məhsullar almaq imkanına malik deyildilər, onlar bu məkanda həm də özlərini böyük cəmiyyətin bir hissəsi kimi hiss edirdilər.
Biz Təzə Bazarın bazasında, məcburi funksiyalardan əlavə asudə vaxtı maraqlı və faydalı keçirmək imkanı ilə ənənəvi bazarlar mühitini saxlayan yeni tipli bir məkan yaratmaq istəyirik. Biz tək Bakı üçün deyil, bütün ölkə üçün yeni qastronomik mərkəz yaradaraq, Təzə Bazara onun tarixi əhəmiyyətini qaytarmağa çalışırıq.
Əsl bazar – həmişə şəhərin əksidir, onun portretidir, burada və indi baş verən bütün vacib olanların mərkəzidir.
— Ətraflı danışın, təzə bazarın layihəsində hansı məkanlar nəzərdə tutulur?
Е: Biz funksional zonalaşdırmanı tam şəkildə nəzərdən keçirdik. Təzə Bazar 300-dən çox pərakəndə satış nöqtəsindən və ümumilikdə 15 000 kvadrat metrlik sahə ilə ictimai iaşə obyektlərindən ibarət olacaq. İri yarmarka meydanı yaranacaq. Ticarət dükanları bazarın mərkəzi hissəsini tutacaq, küçələrdə isə təzə bişirilmiş şirniyyatlarla piştaxtalar yerləşəcək, yanından keçmək mümkün olmayan ətirli göyərti və təzə tərəvəz və meyvə satılan yerlər olacaq.
Ticarət hissəsindən başqa, bazarda 30-dən çox unikal kafe, restoran və qəlyanaltını, kulinariya məktəbini, dequstasiya zonası və yaşıllaşdırılmış açıq terassla şərab kolleksiyasını əhatə edən ikimərtəbəli qastroklaster fəaliyyət göstərəcəkdir.
Təzə Bazarın layihələndirilməsinin vacib aspekti – inkişaf etmiş infrastrukturdur: bazarın bütün həyat fəaliyyətinə xidmət edən iri istehsalat hissəsi, texnoloji istehsalatlar, anbarlar, texniki məkanlar, heyət və ofislər üçün zonalar.
— Layihənin ən səciyyəvi xüsusiyyəti nə olacaq?
Е: Layihənin fərqliliyi – hər bir ziyarətçinin həqiqi təamların hazırlanması prosesini əyani şəkildə görə bilməsi üçün nümayiş etdirilən çoxsaylı istehsalatlar. Mədəni-əlyəncəli tədbirlər üçün meydançalar və açıq havada həm ictimai, həm də ayrıca zonaların – açıq terrasların geniş ərazisi mühüm məna kəsb edən qayələr olacaq.
C: Bu cür dolğun məna kəsb edən struktur tək Təzə Bazarın şəhər toxumasına daxil olmasını təmin etməyəcək, eyni zamanda onu ictimai həyatın çəkici bir qüvvəsinə çevirəcəkdir. Qonaqlar bura uşaqlarla gələ biləcəklər, biz, bu məqsədlə uşaqlar üçün oyun zonasının layihəsini də hazırlamışıq, kölgəli bağçalarda bir fincan çay içməklə istirahət etmək, yarmarka meydanında isə, planlaşdırıldığı kimi – sevimli satıcılarla görüşmək və şəhər xəbərlərini müzakirə etmək mümkün olacaq.
— Tədbirlər proqramınının olmasını planlaşdırırsınızmı?
G: Əlbəttə! Hələ açılışa qədər ölkə boyu dolaşan festival təşkil etmək niyyətindəyik. Beləcə, biz, Təzə Bazara ölkənin bütün regionlarından və tarixi məskənlərindən mütəxəssislər və təamlar cəlb etmək üçün yeni istedadlar və dadlar tapacağıq.
Sonra isə bazarda ən fərqli maraqları olan qonaqlar üçün illik tədbirlər proqramı həyata keçiriləcək. Bizim heyətimiz artıq bir neçə nəfər tərəfindən ifa edilən kamera musiqisindən tutmuş irimiqyaslı şəhər festivallarına və konsertlərə qədər formatlar üzərində işləyir. Planlaşdırılan tədbirlər arasında qastronomik ustad dərsləri, uşaqlar və böyüklər üçün sənət emalatxanaları, şəhər bostanının təşkil olunması, istirahət günləri fermer yarmarkaları, milli bayramların qeyd olunması və bir çox digər məqamlar da var.
— Bizim oxucularımıza və Təzə Bazarın gələcək müştərilərinə nə demək istərdiniz?
G: Biz insanlar üçün və insanlar haqqında bir bazar yaratmağa çalışırıq. Bizim bütün geniş heyətimiz arzulayır ki, hər bir şəhər sakini özünü onun bir hissəsi kimi hiss etsin. Buna görə də, bakılılar gələcəkdə bazarda nə görmək istədiklərini bizə danışsalar şad olarıq. Biz sizinlə ideyalarınızı sosial şəbəkələrdə bölüşəcəyik və onlardan ən yaxşılarını yeni konsepsiyaya daxil etməyə çalışacağıq. Öz qeydlərinizi məhz burada bizimlə bölüşə bilərsiniz. Gözləyəcəyik!