Çox güman ki, şəhər və kəndlərdəki bazarlarda rəngarəng otlardan ibarət səbətlərə rast gəlmisiniz. Bizim ölkədə fərqli otlardan ətirli və qəlbimizi isidən içkiləri dəmləməyi yaxşı bacarırlar. Çay dəmləmənin xüsusi incəlikləri var, gəlin, onlara birlikdə nəzər yetirək.
Azərbaycanda çay mərasimi əsrlərə dayanan ənənədir. Çay süfrəsi qonaqpərvərliyin simvolu, uzunömürlülüyün sirri və ən səmimi söhbətlərin əvəzolunmaz hissəsidir. Ölkəmizin ərazisində minlərlə bitki və ot növləri bitir. Onlar ehtiyatla toplanılır və günəşdə qurudulur ki, insanların sağlamlığına və ruh yüksəkliyinə müsbət təsir etsin.
İtburnu (Rosa)
Başlayaq tanınan və sevilən bitkidən - itburnunun elmə məlum olan 300 növündən 42 növünə Azərbaycanda rast gəlmək olar, bunlardan 26-sı yabanı bitən növlərdir. Bu bitkidən hazırlanan içki immuniteti gücləndirir: tərkibindəki C vitamini orqanizmin infeksiyalara qarşı müqavimətini artırır və iltihab əleyhinə güclü təsir göstərir. Hər gün içdiyimiz bir stəkan çay və ya qəhvəni itburnu dəmləməsi ilə əvəz etmək əla fikirdir! Lakin unutmayaq ki, bu içki qastritdən əziyyət çəkənlər üçün uyğun olmaya bilər.
Göy güləvar (Centaurea cyanus)
Güləvar çiçəyinin elmi adı Centaurea cyanus, yunan dilində olan kentauros sözündən gəlir. Tünd göy rəngli çiçəyin mənasını mifoloji kentavrlar tayfası çox gözəl əks etdirir - bu çiçək sanki bir kentavr kimi, göyə istiqamətlənmiş sünbüllərində səmanın göy rəngini təmsil edərək, gerçək və mifolojı dünyaları birləşdirir. Güləvar çiçəyi qədim zamanlardan bəri müalicəvi məqsədlər üçün istifadə olunub. Bu çiçəyin qan hərarətini azaltma, ekzema, dəri qaşınmaları, ağciyərdə yaranan yaralara müsbət təsiri olduğu hesab olunur. Azərbaycanda güləvar çiçəyi Abşeronda, Kiçik Qafqaz dağlarında və Lənkəranda bitir.
Daziotu (Hypеricum pеrforatum)
Dazıotu xalq təbabəti və fitoterapiyada istifadə olunan ən məşhur bitkilərdən biridir, onun müalicəvi xüsusiyyətləri ən son tibbi araşdırmalarda da təsvir edilmişdir. Dazıotununun effektivliyi narahatlıq və təşviş hallarının müalicəsində də sübut edilmişdir. Bu bitkinin tərkibindəki xüsusi “sineol” maddəsi sinir sisteminin normal fəaliyyətinə birbaşa təsir edir və hətta stressdən qaynaqlanan yuxusuzluqla da mübarizə aparır. Araşdırmalara əsasən, yüngül formalı depressiv hallarda dazıotu plasebodan daha effektivdir. Bundan əlavə, bu bitki əzələləri rahatlaşdırır və spazmaları aradan qaldırır.
Bu qədər gözəl xüsusiyyətlərinə baxmayaraq təəssüf ki, dazıotu ilə soyuqdəyməni müalicə edə bilməzsiniz.
Ardic (Juniperus spp.)
Sərvkimilər fəsiləsinin iynəyarpaqlı ailəsinə məxsus ardıc bitkisinin 6 növü Azərbaycanda yabanı şəkildə bitir. Bu bitki möhtəşəm qoxuya və kəmşirin dada sahibdir. Məhz bu xüsusiyyətlərinə görə də ardıc tez-tez fitoterapiyada istifadə olunur. Bu bitkinin giləmeyvələrinin tərkibində turşular, şəkər, nişasta, və sellüloz mövcuddur. Ardıcın saysız-hesabsız faydalı xüsusiyyətləri var: antiseptik, ağrıkəsici, ödqovucu, sakitləşdirici, dezinfeksiyaedici, iltihaba qarşı güclü təsirə malikdir. Bitkinin giləmeyvələrini çaya qatıb, dəmlənməsini gözləyib bir qaşıq bal və bir dilim limon əlavə etsəniz, nəinki dadlı, həm də çox faydalı bir içki hazırlamış olacaqsınız.
Əməköməci
(Malva sylvestris)
5000 il əvvəl əməköməci müalicəvi bitki kimi Çində çox yüksək qiymətləndirilirdi. Unikal çay əlavəsi kimi isə qədim Roma dövründən bəri tanınır. Əməköməci ilə çay - ənənəvi çay notlarının ot-çiçək tonları ilə biri-birinə qarışıb açılaraq şirin karamel tamını verən qeyri-adi içkidir. Əməköməci ilə digər bitkilər və ya çiçəklər qarışdırılarkən daha da maraqlı dad kompozisiyaları alınır. Onların sırasında hibiskus, güləvar çiçəyi, jasmini qeyd eləmək olar. Kupajın tərtib edilməsində baza olaraq həm yaşıl həm də qara çay istifadə edilə bilər. Əməköməcin kimyəvi tərkibi bu bitkini həm də müalicəvi vasitəyə çevirir. Əsrlərdən bəri əməköməci əsasında hazırlanan məhlullar iltihab, ağciyər infeksiyaları, bronxit və astmanın müalicəsində istifadə edilmişdir.