Köhnə Bakının bazarları

Tarix

İstənilən Şərq şəhərindəki ən koloritli və dinamik məkanlardan biri şübhəsiz ki onun bazarıdır.

I

Bakı hələ ilk neft bumundan (1872-1914-cü illər) bəri özünün bütün etnik rəngarəngliyi və mədəni müxtəlifliyi ilə istisna hal olmamışdır. Hətta XX əsrin əvvəllərində dünyadakı neft hasilatının yarıdan çoxunu hasil edən iri sənaye mərkəzinə çevrilsə də, özünün Şərqə məxsus xüsusiyyətlərini itirməyən, şəhər bazarlarının isə ümumi əhval-ruhiyyənin bir növ barometri və əhalinin rifahının göstəricisi olduğu bu şəhərin əsrlər boyu formalaşan ticarət ənənələri ən yaxşı məhz burada duyulurdu.

İnqilabdan əvvəlki Bakıda bazarların sayı çox olmuşdur: Bu, həm Quba bazarı (indiki Füzuli meydanının yerində), həm də eyni adlı əzəmətli kilsənin yanında yerləşən, əfsuslar olsun Sovet dönəmində dağıdılan Aleksandr Nevski bazarı (sonralar «Passaj» kimi məşhurlaşmışdır), Yarmarka meydanında (indiki S.Vurğun bağının yerində) Əsgər bazarı və çox böyük olmayan şəhər meydanlarında əsasən açıq havada yerləşən digər rayon bazarlarıdır.

Diqqətəlayiq məqamlardan biri odur ki, XIX – XX əsrlərdə Bakıda məhz Bazar, sonralar isə Hüsi Hacıyev, bu gün isə Azərbaycan prosepkti adlandırılan bütöv bir küçə var idi. Bu küçə təsadüfən belə adlandırılmayıb: o, insanların Bazar küçəsinə çıxışını asanlaşdırmaq üçün darvazaları açıq olan İçərişəhərin qala divarından başlayırdı və çox da böyük olmayan Aleksandr Nevski bazarını Quba bazarı ilə birləşdirirdi. Bütün Bazar küçəsi boyu sıra ilə mağazalar, ərzaq dükanları, çayxanalar və çörəkxanalar yerləşirdi.

Məhz Bakı bazarlarının bu sakit, ahəngli və tox həyatını İonanina Germanoviç özünün Azərbaycanın Mərkəzi kinofotosənədlər arxivində saxlanılan ötən əsrin əvvəlinə aid unikal fotoşəkil kolleksiyasında təcəssüm etdirmişdir. Burada həm göyərtisatanın qalaqlanmış təzə dəstələrlə dolu piştaxtası, kömbələrin yığıldığı çörək dükanı və lavaşların asıldığı çörəkxana, həm kabab, cız-bız və sərinləşdirici içkilərin ticarəti, həm də qalyanlarla ənənəvi çayxanalar və pitixanalar var. İnsanların üzündə və ümumi simasında sakitlik, düzgürlük və sabahkı günə inam hiss olunur.

O vaxtlar ticarəti müşayiət edən xidmətlər də az maraq doğurmurdu. Söhbət, ilk növbədə, hər bir bazarda rast gəlinən yükdaşıyanlardan-hamballardan gedir. Əksəriyyəti Cənubi Azərbaycandan olan yükdaşıyanları tutumlu çantalardan-palanlardan tanımaq olurdu, bütün alınan malları onların içərisinə qoymaq, sonra ünvanı göstərib hambalı kiçik bir ödəmə müqabilində ərzaqlarla birgə evə göndərmək mümkün idi, bundan sonra özün isə öz işlərinin dalınca gedə bilərdin. Bütün alınan malların mühafizəsinə isə hambalların arteli ilə zəmanət verilirdi.

Təqdirəlayiq bir məqam da odur ki, nisbətən tez xarab olan ərzaqlar, məsələn, süd məhsulları çox vaxtı satıcıların özləri tərəfindən evə çatdırılırdı. Hər bir südsatanın öz müştəriləri var idi, bununla belə, Azərbaycanın xalq rəssamı və köhnə Bakının boyük vurğunu olan Kazım Kazımzadənin sözlərinə görə, alıcılardan gündəlik ödəmələr götürülmürdü, sadəcə qapının yan taxtasında nişan qoyulurdu, bu da çatdırılmaların sayını göstərirdi, həftənin sonunda isə haqq-hesab aparılır, bundan sonra südsatan bütün nişanları silirdi.

Arxivdə saxlanılan koloritli fotoşəkillərdən birində, İ.Germanoviç, başında çox iri dörd qatıq (ənənəvi turş süd məhsulu) küpəsi ilə daş döşənmiş küçədə ayaqyalın gəzərək süd məhsulları satan yaşlı bir ticarətçini təcəssüm etdirmişdir. K.Kazımzadənin xatirələrinə görə, məhz bu ticarətçi ilə bağlı məzəli bir hadisə baş vermişdir. Hər bir küpənin qiyməti 1 abası (20 qəpik) idi. “Gündə birini satmaqla çox qazanmayacaqsan – bunu ticarətçi fikirləşir – amma iki küpə 40 qəpik, üçü artıq 60 qəpik edər, bəs risk etsəm və dördünü götürsəm, gündəlik 80 qəpiklik qazancla mən varlanacam və hər bir həqiqi müsəlmana gərəkli olduğu kimi Məkkəyə həcc ziyarətinə gedəcəm. Hacı olduqdan sonra isə hamı görüşərkən məni başı ilə təzim edərək ədəblə salamlayacaq”. O, bu fikrə o qədər qapılmışdır ki, öz ünvanına ehtiramlı təzimləri təsəvvür etməklə bir anlıq başında olanları unudaraq əyilmiş və dörd küpənin hamısı küçənin ortasına düşərək parça-parça olmuşdur.

II

Əfsuslar olsun ki, tox və sakit həyat Birinci Dünya Müharibəsi ilə başa çatmışdır. Lakin, hələ inqilabi qiyamların başlamasından əvvəl, Bakı Şəhər Düması, sanki yaxın zamanlarda baş verəcək sarsıdıcı hadisələri və onların bazar həyatına qaçılmaz təsirini qabaqcadan hiss edərək, maraqlı bir sənəd çıxarmışdır – “Bakı şəhərinin ev sahibələrinə (evdar qadınlarına) müraciət”. Sənəd ideyasının özü kimi, onun mətni də o qədər maraq doğururdu ki, ondan sitatlar gətirməyi özümüzə rəva bildik:

«Bakı şəhərinin ev sahibələrinə (evdar qadınlarına) müraciət»,
12 sentyabr 1914-cü il

«Müharibə kimi bu qeyri-adi hadisə təbii ki, tək dövlət və ictimai həyata deyil, bizim hər birimizin özəl həyatına da ciddi mənfi təsir göstərir. Müharibə çoxlarını gündəlik qayğılardan ayıraraq ölkənin təsərrüfat həyatını pozur.

Həyati ehtiyatların müharibənin ilk günlərindən müşahidə olunan və hələ də artmaqda olan qiymətlərinin yüksəlişi ciddi və kəskin problemlərdən birinə çevrilir: çoxları, bu vəziyyətdən sui-istifadə edərək, əhalinin geniş təbəqələri hesabına varlanmaq arzusu ilə ərzağın qiymətlərini süni şəkildə artırır.

Bakı ictimai idarəsi bu məsələnin qaydaya salınmasına müdaxilə etməyi öz vəzifəsi hesab edir və hazırda ərzağa süni şəkildə qiymətlərin qoyulmasından narahatlıq keçirir.

Lakin, həqiqi bazar qiymətləri barədə dəqiq məlumatlar olmadan bazar qiymətlərinin tənzimlənməsi işinin düzgün qoyuluşu mümkün deyildir. İdarə bu məlumatlara malik deyildir və özləri alış-veriş edən, özləri həyati məhsulların qiymətlərinin süni şəkildə artırılmasına qarşı mübarizədə maraqlı olan insanların köməyi olmadan onları əldə etmək mümkün deyildir. Digər şəhərlərin təcrübəsi onu göstərir ki, belə insanlar məhz ev sahibələridir (evdar qadınlardır).

Hörmətli məlikələr, Şəhər idarəsi kömək üçün məhz sizə müraciət edir. İlkin tələbat mallarının qiymətləri haqqında məlumatları mütəmadi olaraq göndərməklə, siz, İctimai idarəyə, çox ciddi və vacib olan bu məsələnin həllində öz faydalı köməyinizi göstərmiş olacaqsınız».

Ev sahibələri (evdar qadınlar), bu məsələdə maraqlı auditoriya kimi, şəhər orqanlarının müraciətinə çevik şəkildə səs verdilər və artıq 1914-cü ilin sentyabr ayında Bakı bazarlarında əsas qida məhsullarının orta qiymətlərinin cədvəli tərtib olundu. Qiymətlər girvənkəyə (409 qr.) görə qəpiklə verilir.

Müqayisə aparmaq üçün həmin dövrün aylıq əmək haqlarının məbləğlərinə nəzər salmaq olar. Məsələn, 1916-cı ildə «Şəmsi Əsədullayev» neft şirkətində fəhlələrin və işçilərin aylıq əmək haqları aşağıdakı kimi idi:

Göründüyü kimi, hətta ən aşağı əmək haqqısı olan fəhlə gündəlik qazancı ilə özünə bir kiloqram 1-ci növ mal əti almaq iqtidarında idi. Təəccüblü deyil ki, bir işləyən kişi bütov bir ailəni saxlayırdı.

Lakin, Birinci Dünya Müharibəsinin başlanması ilə vəziyyət xeyli pisləşir. Müharibə çar rublunu zəiflətdi, xeyli sayda ailənin qazanc gətirənini əlindən aldı və bu, 1916-cı ilin əvvəlində qeyri-adi hadisələrin baş verdiyi Bakı bazarlarının həyatında da dərhal özünü biruzə verdi.

III

Manaf Süleymanovun «Ötən günlər» adlı kitabında təsvir edilmiş hadisə gələcək inqilabi silkələnmələrin xəbərçisi oldu. 1916-cı ilin fevral ayında Aleksandr Nevski bazarında bütün şəhəri silkələyən bir hadisə baş verdi. Qiymətə görə satıcı ilə mübahisə edən bir qadın alıcı piştaxtaları çevirir. Bazardakı vəziyyət o qədər qızışır ki, yaxınlıqdakı bütün qadınlar sanki bir əmrə tabe olaraq piştaxtaları dağıtmağa və ətrafdakı hər şeyi viran etməyə başlayarkən bu hərəkətlər həqiqi partlayışa səbəb olur. Məhz məşhur qadın qiyamı belə başlamışdı.

Qəzəblənmiş alıcı qadınlar Aleksandr Nevski bazarından kənara sıçrayır və öz yollarında bütün piştaxtaları çevirərək və Quba bazarına doğru istiqamət götürərək, hərbi çağırış səbəbindən ailə başçısından məhrum olan qadınlar üstünlük təşkil etməklə yol boyu yeni talançılar hesabına artaraq Bazar küçəsinə tökülüşürlər. Yalnız məhvetmə üçün atəş açmaq əmri verilən əlavə qoşunun yeridilməsindən sonra qiyamı yatırtmaq mümkün olur. İnsan itkisi və ciddi dağıntılarsız ötüşmək olmur.

Qadın qiyamından düz bir il sonra Rus imperiyası süquta uğrayır. Bir müddət şəhər ətrafından və qonşu əyalətlərdən Bakıya ərzağın gətirilməsi tam dayandırlır – Bakı bazarları boşalır. Yalnız 1918-ci ildə Bakının azad olunması qaydanı bərpa etməyə imkan verdi, bununla da, deyilənlərə görə «bazar canlandı, ət, qoyun əti peyda oldu...»

IV

Sovet dövründə bazarlar, xoşbəxtlikdən Şərq bazarına xas olan ruha xələl gətirmədən, böyük dəyişikliklərə məruz qalmışdır. İlk növbədə, şəhər bazarlarının yerləri dəyişdi, köhnə bazarların yerində meydanlar və bağlar peyda olmağa başladı. Beləliklə, Quba bazarının yerində əzəmətli heykəllə Fizuli meydanı salındı, Səməd Vurğun bağı və heykəli isə çox da gediş-gəlişli olmayan Əsgər bazarını əvəz etdi.

Əsasən qapalı və inqilabdan əvvəlkilərlə müqayisədə daha nizamlı yeni bazarlar salındı. Şəhərin əhali məskunlaşan rayonlarında iri bazarların şəbəkəsi yarandı. Onlardan bəzilərinin layihələri, məsələn, İstanbul üslubunda inşa edilmiş çoxgünbəzli Şərq bazarı kimi, miqyaslı şəkildə düşünülmüşdür. Lakin, ya çox da uğurlu olmayan yerinə, ya da düzgün idarə edilmədiyinə görə, hazırda əsaslı şəkildə yenidən qurulan bu kompleks hələ də cəlbedici bir məkana çevrilməmişdir.

Həm çeşid zənginliyi, həm də kolorit baxımından Sovet dövründəki Bakı bazarlarının flaqmanı fasad tərəfdən gediş-gəlişli Səməd Vurğun küçəsi boyunca yerləşən, arxa tərəfdən Bakının məşhur Kubinkasına bitişən Təzə Bazardır. Sonralar, o, şəhərdə Braziliya favelini xatırladan bütöv ensiz küçələr labirintindən ibarət olan iri qara bazara çevrilmişdir. Lakin, Sovet dövrünün əskikliklə dolu illərində məhz burada – «Malboro» və «Camel» siqaretlərindən cins şalvarlara və pornoqrafik şəkillərdən odlu silaha qədər – hər şey əldə etmək mümkün idi. Təsadüfi deyil ki, inqilabdan əvvəlki dövrdə bolşeviklərin “İskra” qəzetinin çap olunduğu “Nina” mətbəəsi məhz bu rayonda yerləşirdi.

Bu gün Kubinkada tədricən yeni tikililər inşa edilir, keçmiş Təzə bazarın yerində isə əvvəlki ad altında bazar yaradılır. Layihə qrupu həmişə Təzə qalan tanınmış Bakı bazarını yenidən qurmağı məqsəd kimi qarşıya qoymuşdur. Yenilənən bazar Azərbaycanda mövcud olan bütün ən yaxşı malların əldə edilə biləcəyi ölkənin əsas ticarət meydanlarından və piştaxtalarından biri olacaq.

Gələcək kompleksin memarlıq layihəsində, ənənələri və yeni baxışı vəhdət halına gətirərək, varisliyin tərənnüm etdirilməsinə, köhnə Bakı bazarlarına xas olan cəlbediciliyin və koloritin saxlanılmasına və zəngin tarixin əks etdirilməsinə səy göstəriləcək. Bu barədə ətraflı məlumatı siz müəllif və layihə qrupu ilə müsahibədən əldə edə bilərsiniz.

1-ci məqalə üçün fotoşəkillər Azərbaycan Respublikasının DKFSA-i tərəfindən lütfkarlıqla təmin edilmişdir.