Azərbaycan miniatür sənəti: orta əsrlərə aid kitablardakı rəsmləri anlamaq üçün bələdçi

Sənətlər

Dövlət Ermitaj muzeyinin sənətşünası, İslam ölkələrinin mədəniyyəti və incəsənəti üzrə mütəxəssis Polina Lyubimova Azərbaycanda miniatür sənətindən, onun incəsənətə, memarlıq və xalçaçılıq sənətinə təsiri haqqında danışdı.

Azərbaycan ərazisində və yaxın ərazilərdəki (tarixi nöqteyi-nəzərdən həmin ərazi və torpaqlar bir mədəniyyət bölgəsi rolunda çıxış edirdi) miniatür sənətinin tarixi çox maraqlıdır. Bu sənətin kökləri XIV əsrə dayanır, o vaxt Təbriz şəhərində (indiki İranın Şərqi Azərbaycan adlanan vilayətinin inzibati mərkəzi) müstəqil miniatür məktəbi formalaşmışdır. Təbriz şəhəri təsviri incəsənət, xəttatlıq və miniatür sənətinin Yaxın Şərq ərazisində əsas mərkəzinə çevrilmişdir. Bu məktəbin bünövrəsində fars miniatür ənənələrinin sintezi, Şərqi Asiya və Çin-Uyğur elementlərinin də təsiri var.

Sənətin rəngarəng və lakonik ideyaları məhz burada – Eynəli dağının ətəyində birləşmişdir. Bu yeni üslubun formalaşması “Böyük Təbriz Şahnaməsi”, yaxud “Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.

XV əsrdə Təbriz üslubu ilə yanaşı Azərbaycanda həm də Türkmən üslubu inkişaf etməyə başlayır. Bu üslubun nümayəndələri Təbriz məktəbində və orta əsrin məşhur mədəniyyət ocağı - Şamaxıda miniatürlər çəkirdilər. O zamanlar Şamaxı elm mərkəzi sayılırdı, burada gedən intensiv həyat, müxtəlif sənət sahələrinin inkişaf etməsinə təkan vermişdir.

Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi – Əbdülbaqi Bakuvi olub. Onun əsərlərinin üslubunda Uzaq Şərq təsirini aydın şəkildə görsək də, çəkilən qəhrəmanlar “türkləşdirilmişdir”. Bakuvi xırda detallara çox diqqətlə yanaşırdı: geyimlərin materialını, üzərindəki naxışları dəqiqliyi ilə təsvir etməyə çalışırdı.

Tədqiqatçılar Səfəvilər sülaləsi dövrünü Təbriz məktəbinin yüksəliş dövrü hesab edirlər. XVI əsrdən başlayaraq Təbrizdə xüsusi yaradıcı elit təbəqə formalaşır. Bu təbəqənin özəyi isə Heratdan gələn rəssamlar idi. Herat miniatür məktəbi Timurid renessansının möcüzəsi sayılır. Heratın birinci rəssamı Kəmaləddin Behzad öz emalatxanasında yığdığı gənclərlə Yaxın Şərq miniatür sənətində bir ilkə imza atdı – sənətdə realistik başlanğıca yer verdi. Behzadın fırçası miniatür sənətini canlandırdı. Epik rəvayətlər və məhəbbət şeirləri, salnamələr və didaktik təlimlər üçün yaratdığı illüstrasiyalarda müasirlik, dəqiqliklə çəkilən gündəlik səhnəciklər və yumoristik məqamlar da var idi. O, bir insanı bütün hissləri və həyəcanları ilə sevirdi. Dünyanı sevirdi və diqqətlə izləyirdi. Detallara, möcüzələrə qarşı olan diqqətini və sevgisini də öz tələbələrinə vəsiyyət etmişdir. Herat rəssamları tamamilə yeni bir sənət yaradırdılar. Onların əsərləri sanki real dünyanı söz dünyası ilə birləşdirirdi.

O zamanlar rəssamlara çox dəyər verilirdi, onlara hətta qənimət kimi də yanaşırdılar. Yumoristik əfsanəyə görə Osmanlar Səfəvilərlə müharibədə olarkən, şah Behzad və xəttat Şah Mahmud Nişapurini mağarada xəzinə kimi gizlətmişdi. Behzad tezliklə şah kitabxanasının başçısı olacaqdı. Onun əsas işi məhz kitabxanalarda keçirdi, burada o, kitabları dəyərli miniatürlərlə bəzəyirdi.

Miniatür kitabları, xəttatlığı, dekorativ-tətbiqi sənəti və hətta memarlığı birləşdirirdi. Şəkidə yerləşən möhtəşəm Xan Sarayı kitab miniatürü üslubunda memarlığın və rəngkarlığın sintezidir. Sarayın fasadında bir birindən gözəl səhnələr əks olunub: burada həm ovçuluq, həm əfsanəvi döyüşlər, həm həndəsi kaleydoskop, həm də təbiət motivləri var. Sanki maraqlı bir kitabın səhifələri kimidir.

Əsrlərlə öz koordinat sistemində inkişaf edən miniatür və təsviri sənət prinsipləri nəinki memarlığa həm də xalçaçılıq sənətinə də böyük təsir göstərmişdir. Xalçaçılıqda hətta təsviri xalçalar adlı xüsusi miniatür istiqaməti də var.

Tədqiqatçılara əsasən “Dörd fəsil” adlanan xalçaları kitab kimi oxumaq olar. Bu xalça növünün vətəni Təbriz (sizcə bu təsadüfdür?) sayılır. Klassik “dörd fəsil” xalçası dörd yerə bölünürdü, hər hissədə bir fəsil təsvir olunurdu.

Vaxt keçdikcə rəssamlar (karton müəllifləri) bu xalçalara daha çox süjetlər əlavə etməyə başladılar. XVI əsrdən başlayaraq toxunan ən çətin və gözəl xalçalar üçün düzəldilən karton-sxemləri məhz miniatür ustaları kitabxanalarda hazırlayırdılar. Bu xalçalar hətta diplomatik hədiyyə kimi də istifadə olunurdu.

Tiraj şəklində çap olunan kitabların yaranması ilə əlyazmaların dəyəri də artdı. Miniatür rəssamların işlərinə tələbat getdikcə azaldı. XVIII–XIX əsrlərdə bu sənət növü tənəzzül etməyə başladı. Miniatür sənətinin dili getdikcə sadələşərək “lubok” sənətinə yaxınlaşdı. İllüstrasiyalar bəsitləşdi, özəl dekorativ işləmələr azaldı. Bu tendensiyanı həm də həmin dövrün rəsmli keramikasında da görə bilərik. Keramikanın spesifik üslubuna və yayıldığı sahəyə görə, hətta “bazar keramikası” adlandırılmağa başladı. Təəssüf ki, klassik məktəbin ənənələri məhv oldu. Amma yaxşı ki, əbədi olaraq belə qalmadı.

1970-ci illərdə xalq rəssamı Mikayıl Abdullayevin eskizləri əsasında Leninqradda monumental mozaikalı pannolar hazırlanmışdır. 1977-ci ilin ərəfəsində panno Nizami Gəncəvinin adını daşıyan yenidən açılmış stansiyada quraşdırılmışdır. Mikayıl Abdullayev Nizami “xəmsəsinin” əsasında 19 pannodan ibarət layihə tərtib etdi: burada əbədi olaraq bir birinə aşiq Leyli və Məcnun, gözəl Şirin, böyük İsgəndər, adil Nuşirəvan və cəsur Bəhrama rast gələ bilərsiniz.

Bu obrazlar sanki başqa zəmanədə dünyaya gəlib, başqa ruhdan qidalanıb – yəni Sovet mədəniyyətinin ruhundan. Lakin buna baxmayaraq, qızılı fona, qəliz güllü naxışlara, peyzajın detallarına nəzər salsaq kitab miniatür sənətinin nəfəsini hiss edəcəyik.

İndiki dövrdə miniatür sənəti yenidən canlanaraq müasir rəssamların əsərlərinə yol tapdı. Mikayıl Abdullayev miniatürləri monumental mozaikada təcəssüm etməklə sənətin sərhədlərini genişləndirdi. Kitab dünyasında da miniatür yaşamağa davam edir: Nüsrət Hacıyevın ifasında o, xüsusi bir üslub qazanıb. Onun miniatürləri incə xətlər, möhtəşəm kolorit, qəhrəmanların hisslərinin və duyğularının zərif şəkildə çatdırılması ilə seçilir. Bu miniatürlərin dünyası rahat, gözəl və nağıla bənzərdir. Belə bir dünyada fikrə dalaraq, vaxt və səhifələrin hesabını itirəcəksiniz.