Azərbaycanın zəngin mədəni və sənət irsi gənc rəssam və dizaynerlər pleyadasının meydana çıxmasına səbəb olmuşdur. Bizim bu toplumuzda unikal obyektlər yaradan həqiqi emalatxanalar, atelyelər və istehsalat sahələri təqdim olunur: uşaq oyuncaqlarından tutmuş zinət əşyalarına qədər.
Mədəni mənbələrə qayıdış, lokal eyniyyətdə məna axtarışı kimi qlobal meyllə ayaqlaşaraq, brend yaradıcıları, ənənəvi üsulları bərpa edir və onlara müasir tərzə uyğun yeni anlam verməyə çalışırlar.
Natavan
Natavan Əliyeva – üslubçu-dizayner, kolleksiyaçı, ölkədə öz növündə ən iri kolleksiya kimi Azərbaycanın XVIII-XIX əsrlərə aid milli geyim qalereyasının sahibəsi. Natavan Əliyeva 2011-ci ildə öz brendini yaratmışdır. “Hansısa bir an mən anladım ki, həyatda daimi olan heç nə yoxdur, biz tez və ya gec bu dünyadan köçəcəyik. Yalnız biliklər və tarix – bizim əcdadlarımızın ənənələrini, bizim köklərimizi ötürən əşyalar – məhz bunlar daima yaşayacaqlar. Mən Azərbaycan tarixinin, öz tariximin vurğunu kimi kolleksiya toplamağa başladım! Mənim tərəfimdən yaradılan geyimi illər boyu topladığım həmin milli gözəlliyin davamı adlandırmaq olar. Axı istənilən əşya – yüz illər boyu daha kimisə ruhlandıran bir mənbədir”, - brendin əsasını qoyan xanım öz böyük həvəsi haqqında bu sözləri yazır. Bəzi predmetlər kəlağayı dəsmallardan hazırlanır. Gözəllik, ləyaqət, sədaqət və ehtiram rəmzləri ilə yanaşı, bu dəsmallar həm də Odlar yurdunun qədim tarixini, mədəniyyətini və ənənələrini əks etdirir. Qeyd edək ki, Azərbaycan kəlağayıları YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir.
Azərbaycan corabları
Bu layihənin müəllifi amerikalı Tereza Hemlin olmuşdur. Qusarda yaşayarkən və işləyərkən, o, Azərbaycan corablarının istehsalı üzrə ailə biznesinin təməlini qoymuşdur. Terezanı bu işə başlamağa, ilk olaraq, Minnesotada dostlarına nə vaxtsa apardığı və onun yaxınları tərəfindən çox bəyənilən hədiyyələr ruhlandırmışdır. Bundan sonra, o, ölkənin rayonlarında bu gözəl corabları toxuma ənənəsini davam etdirən qadınları axtarmağa başlamışdır. Bu layihə sayəsində Azərbaycanın kənd rayonlarında qadınlar, nəsildən-nəsilə ötürülən sənətlə məşğul olaraq, əməkləri ədalətli şəkildə ödənilən işə malik olurlar. Bütün corablar evdə toxunur, bu da qadınlara rahat şəraitdə işləmək və öz ailələri üçün pul qazanmaq imkanını verir. Hər bir corab cütünün unikal tərtibatı var. Əl işi olan bu məhsul hətta Azərbaycanın hüdudlarından kənarda da populyarlıq qazanmışdır. Layihənin “Instagram” səhifəsinə daxil olmağı və bu işin xanım ustaları ilə tanış olmağı tövsiyə edirik.
Shamsa Jewelry
Shamsa Jewelry — gümüş məmulatlarının zərgərlik brendidir. Bütün bəzək əşyaları – hamısı Bakı ustalarının müəllif dizaynı və əl işləridir. Konsepsiyanın əsasında Azərbaycanın mədəni irsinə istinadlar dayanır. Eyni adlı tarixi memarlıq abidələrindən ruhlanan müəlliflər Möminə xatun məqbərəsinə və Şəki Xan Sarayına (Xan Sarayı) həsr olunan kolleksiya yaratmışlar. Məmulatlarda şəbəkə naxışlarının zərifliyi və gözəlliyi əks olunub. Brend, həmçinin, filiqran üslubunda işləyir. Filiqran – məmulatların gümüş saplardan toxunmasıdır. Müəlliflər söyləyirlər ki, onlar, ilk olaraq, nənələrdən onlara miras qalmış sırğalardan ruhlanmışlar.
Sabikhan
Brendin yaradıcısı – rəssam-keramikaçı Sabiha Xankişiyevadır. Bakı Rəssamlıq Akademiyasında keramika sahəsində magistr dərəcəsi aldıqdan sonra, Sabiha, Londonda Uels şahzadəsinin Ənənəvi Sənət Məktəbinə daxil olmuşdur ki, bu da onun yaradıcılığının inkişaf etdirilməsində və “Sabikhan” brendinin təşəkkül tapmasında mühüm rol oynamışdır. Emalatxananın məqsədi – ölkənin mədəni irsini və onun milli xüsusiyyətlərini qoruyub saxlayan keramika məmulatlarının təşviq olunması və istehsal edilməsidir. Müəlliflər üçün qab-qacağın dizaynı ustanın qədim üsullara yeni həyat verən ürəyinin, əllərinin və dərrakəsinin vəhdətini simvollaşdırır. Sabiha həm Azərbaycanın dekorativ-tətbiqi sənətinin tarixini dərindən öyrənərək apardığı tədqiqat işindən, həm də “Sabikhan” mallarının ornamentlərində və naxışlarında öz əksini tapan regionun zəngin təbiətindən ruhlanır.
Sacria Atelier
Sacria Atelier — moda sahəsində Azərbaycana məxsus konseptual art-layihədir. Onun yaradıcıları – Bakıdan olan ər-arvad Şamil və Fidandır. Dörd il əvvəl kiçik bir zirzəmidə yerləşən atelyedə ilk dəfə əl işi olan qadın çantaları və bel çantaları buraxılır. Bu gün brendin məmulatları həm ölkədə, həm də onun hüdudlarından kənarda populyarlıq qazanıb. Müəlliflər dizayn və parçaların nümunələrini əl ilə hazırlayırlar. Kolleksiyanın əsasında – müasir interpretasiyada, xalçaçılıq sənəti, göl, buta, damğa və şəbəkə kimi milli dizayn elementləri dayanır. Bəzi çantalar isə ölkənin regionlarının paytaxtlarının adlarını daşıyır: “Gəncə”, “Şəki”, “Şuşa”, “Şamaxı”, “Qazax” və digər. Dizaynerlər tək Azərbaycanın deyil, dünyanın digər bölgələrinin də milli motivlərindən ruhlanırlar, məsələn, onlar hind Ved ənənələrinin nümunələrindən, mezoamerikan və aborigen üsullardan istifadə edirlər.
ELIZ
Minimalist Avropa dizaynı ilə uşaqlar üçün taxtadan hazırlanmış oyuncaq brendi. Oyuncaqlar ekoloji baxımdan təmiz materiallardan hazırlanmışdır və uşağın fantaziyalarının inkişaf etdirilməsinə kömək edir. Burada, əsasən, quşlar və dağlar, atlar və göy qurşağı kimi sadə formalardan istifadə olunur. Brendin “Instagram” səhifəsində uşaqlar üçün nağıl mühiti xəyal edilir: burada karandaşlar taxta özülü kirpiyə çevirir, əldə olan ulduz isə sehirli çubuq olur. Bütün oyuncaqlara əl ilə toxunmaq xoş təsir bağışlayır. – onların səlis formaları, natural materiallar tək uşaqların deyil, böyüklərin də ürəyincədir.
Salamakhina
“Salamakhina” brendi — bu, klassik, milli dəsmalların müasir interpretasiyasıdır. İpək dəsmal – ölkənin ənənəvi surətlərini və mədəni kodlarını nümayiş etdirən dizayner Aleksandr Salamaxina üçün bir kətandır. Kolleksiyalardan birində, o, Bakıda ötən əsrin əvvəllərində inşa edilmiş pərəstiş olunan binalara müraciət edir: Hacınskinin evi, Opera və Balet Teatrı, Muxtarovun sarayı və İsmailiyyə binası. Brendin müəllifi bu abidələrin heykəltəraşlıq və rəssamlıq dekorundan ayrı-ayrı motivləri götürür, onlara yenidən nəzər salır və unikal dördbucaq dəsmal nümunəsi yaradır. Bütün əsas elementlər əvvəlcə əl ilə çəkilir, sonra rəqəmsal formata çevrilir. Köçürmə deyil, təqlid deyil, bu cür üslublaşdırma – təsdiqlənmiş üslub və ya tarixi dövr əsasında yeniliyi doğuran ideal bir bənzətmədir.
Dereemena
Brendin “Instagram” səhifəsində yazıldığı kimi: “Bizim elektron qardaşlarımız üçün əl işinin rahatlığı”. “Dereemena” brendi portativ kompyuterlər, telefonlar və digər rəqəmsal cihazlar üçün üzlüklərin, habelə pul kisələrinin, kart qablarının, səyahət sənədləri üçün qabların və digər bu kimi malların istehsalı ilə məşğul olur. “Dereemena” brendinin yaradıcısı Nərgiz memarlıq universitetini bitirmişdir və uzun müddət dizayn sahəsində çalışmışdır. Azərbaycan dilində “dərin məna” ifadəsi var və “dəri” sözü var. Beləliklə, bu etimologiyaya dalaraq, Nərgiz öz məhsulu üçün xarizmatik bir ad düşünmüşdür. O, naxışlardan, rənglərdən və Azərbaycanın milli motivlərindən ilham alır və xalça rəsminə yaxın parça və formalar tapır. Üzlüklərin adı isə “balaşka” kimi jarqon sözlərdən tutmuş yaradıcının öz dostları ilə xoş vaxt keçirdiyi, məsələn, “Kefli” adlı şərab barı kimi sevimli məkanların adlarına qədər fərqlidir. Emalatxana, məmnuniyyətlə, istənilən ölçülərdə, dizayn və modeli uyğunlaşdırmaqla sifariş əsasında da bu malları hazırlayır.
BYJABA
Bakıda əl işi olan gözəl saatlar və güzgülər buraxan özünəməxsus bir brend. Onun yaradıcısı Cabir İmanov - əməkdar artist və əfsanəvi “Bakılı oğlanlar” ŞHK-nin iştirakçısı. Cabir, dizaynın tərtib olunmasında şəxsən iştirak edərək, interyer üçün ləvazimatlar və predmetlər hazırlayır. Bu markanın ustaları Azərbaycanın regionlarının xalçaçılıq ənənələrindən ruhlanırlar: burada həm Qarabağ, həm də Naxçıvan, Şirvan və Quba, Qazax və Gəncə var. Malların tərtibatlarında həndəsi, zoomorf, güləbənzər və antropomorf elementlər əks olunur. Bu rəngarəng, nikbin predmetlər istənilən interyerin parlaq vurğusu olacaq.
Ayseliáni
Markanın dizayneri və rəssamı, Bakıdan olan Aysel Bədəlova daha çox sənət əsərlərinə bənzəyən çantalar istehsal edir. Onların hazırlanmasında məxmərdən, muncuqlardan, strazlardan və kiçik keramik detallardan istifadə olunur. Nəticədə, çantalar daha çox bədəndəki bəzək əşyalarını xatırladır. Aysel tərəfindən kolleksiyanın yaradılmasına Qacarlar dövrünün rəsmlərinə olan maraq təkan vermişdir.